Allahın Şərqdəki türk ordusu

 

Mahmud Kaşğarinin 1074-cü ildə yazdığı hədislərin birində Allah deyir: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm” (1). Bu fikrin əsl mənasını anlamaq üçün hər bir sözün rəmzi mənalarını da nəzərə almaq lazımdır. Qədim Misir mətnlərində Şərq dedikdə, Günəşin doğduğu Allahlar ölkəsi nəzərdə tutulur ki, Günəş Allahı məhz buradan öz şanı ilə göyə qalxır (2). Digər mənbələrdə “Şərq” dedikdə əsasən Qafqaz Albaniyası nəzərdə tutulur və bu ölkə qədim Midiyadan, yəni indiki Azərbaycanın cənub bölgəsindən başlanır (3). Lakin Şərq rəmzi altında eyni zamanda Ərəbistan da qeyd olunur və mətnlərdə Midiya ərazisində “Şərqin Ərəbləri” ölkəsinin olması məlumdur (4). Belə çıxır ki, Şərq rəmzi altında indiki Azərbaycan ərazisində mövcud olmuş Midiya başa düşülməlidir.

Məşhur Azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdinin “Şərq” fəlsəfəsində “Şərq” - göyləri və göydəki dünyanı bildirir (5). Yunan mifologiyasında “Ərəb” (Ereb) rəmzi də göyləri və xaosu bildirir ki, bu da “Şərqin Ərəbləri” ölkəsinin göylə bağlılığı deməkdir. Deməli, Misir Allahlarının Şərq ölkəsi Azərbaycan göyləri ilə bağlı olmalıdır. Göylərlə bağlı ölkənin nə demək olduğunu anlamaq üçün isə buradakı “türk ordusu” sözünün əsl mahiyyətini araşdırmaq lazımdır.

Mənbələrdə “türk” dedikdə, sufizmin “tərikə” yolunu gedən “türük” nəzərdə tutulur ki, bu da sufi müridi mənasındadır. Sufizmdə, ilkin materiyadan informasiya alma yolu - tərikə yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” adlandırırlar. Silsilənin “bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və o, mənbələrdə dirilik suyu, İlahi od və s. adlandırılan ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, türük, türk dedikdə, Allaha qovuşan, yəni əvvəli və sonu olmayan ilkin materiya ilə vəhdət təşkil edən (“Vəhdət əl Vücud” rəmzi) müdriklər nəzərdə tutulmalıdır.

Allahla vəhdət təşkil edən və onun qüdrətindən yararlanan türkləri Xalkidli Yamvlix teurq adlandırır və bu rəmzlər sufizmdə eyni məna verir. Yamvlix, özünün “Misir sirləri haqqında” kitabında teurqları Misir maqları kimi göstərir və bildirir ki, onların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (6). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” – Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Belə çıxır ki, türk sözü ən qədim mənbələrdə - “göydə Allah yaradan müdrik” mənasında olmuşdur. Teurqların göydə Allah yaratma prosesinin texnologiyası hind mənbələri olan Upanişadalarda qeyd olunur. Burada brahman və kahinlər - alqış, qurbanlıq formulu və magik hərəkətlərlə, qurbanlıq heyvanların ruhlarının göydə toplanmasına və onların iradələrini həyata keçirən varlığa çevrilməsinə nail olurlar. Belə çıxır ki, Şərqdəki türk ordusu dedikdə, Midiya göylərində qurban vasitəsi ilə yaradılmış Türk eli və bu elin ordusu təsəvvür olunmalıdır. Qədim mənbələrdən, göydə yaradılmış bu ordu - Göy türkləri kimi də məlumdur. Türkiyə sözü mətnlərdə “Turquia” kimi yazılır ki, bu da “Teurqiya” mənasında teurqların Midiya göylərində zahir etdiyi Eli bildirir (7).

Türklərin ekstatik durumda ilkin materiya ilə vəhdətə nail olmalarını, İordan hunnlarla və qotlarla, yəni qutilərlə bağlayır. İordan rəmzlərlə yazaraq, ilkin materiyada səyahət edən teurqların ruhlarını “Qaliurunnı” adlandırır və bildirir ki, onların ilkin materiyada cinlərlə cütləşməsindən dünyaya çox qəddar tayfa əmələ gəldi. O, məhz bu vəhdətdən yaranan varlıqları hunnlar və qutilər (qotlar) adlandırır (8). Məlumdur ki, qutilər - Mesopotamiyanın məhşur şahlar nəslidir ki, bu sülaləsinin hakimiyyəti mifik dövrlərdən, yəni “çar hakimiyyəti”nin “Göydən yerə” endiyi dövrlərdən başlanır (9). Bu isə o deməkdir ki, göydən gəlmiş qutilər, hunnlar - teurqiya prosesinin sonunda Allahlara çevrilmiş teurqlar, yəni türklərdir.

Türklərin Moyun Çor abidəsində türk xanı Tolis bildirir ki, o Tanrıda olmuş və orada El yaratmışdır. Mogilyan və Gültəkin mətnlərinin ilk sətirlərində isə türk xanı iddia edir ki, məhz O, Tanrıtək Tanrı yaratmış və Tanrıtək Göydə yaranmış bilici türk xanıdır (10). Deməli, qədim Misirin Günəş Allahının ölkəsinin yerləşdiyi Şərq elə türk-hunnların Midiya göylərində yaratdığı Eldir.

Qurana görə Allah, Günəşin çıxdığı yerdə yaşayan xüsusi seçilmişlər nəsli ilə öz arasında pərdə yaratmamışdır, yəni Allahin sirrini məhz onlar bilmişlər (11). Bu o deməkdir ki, Allahın Şərqdəki türk ordusu, qədim sirləri bilən sufi seçilmişləridir. Ən qədim mənbələrdə onlar Midiya maqları kimi tanınırdılar. Orta əsrlərdə Midiya maqları – gizli sirləri bilən sufilər kimi məlumdur və bunlar da mənbələrdə Səfəvilər nəsli kimi qeyd olunurlar. Bilirik ki, sufi batinilər, Quranın zahiri, yəni birbaşa mənasından başqa gizli, batini mənasının da olmasını iddia edirlər və Qurandakı sözləri rəmzlər kimi qəbul edirlər. Mənbələrdə bu batinilər Şah İsmayıl Səfəvinin “sorxsər bidin mülhidləri” adlanır (12). Sorxsər rəmzi Batin elmində “Sor-Xsər”, yəni Azər-Xızır kimi açılır ki, bu da “ölümsüz Asar/Osiris Allahı” deməkdir. “Bidin” rəmzi isə “batin” rəmzi kimi “Beyti-Nun” mənasını verir ki, bu da Allahın göydəki (ilkin Nunu sularındakı) Evini bildirir. “Mülhid” (Kabbalada Malxut) rəmzi Batin elmində “Mələküt” kimi məlumdur və bu da mələklər dünyası və bu dünyanın mələkləri anlamındadır. Deməli, “Sorxsər bidin mülhidləri” dedikdə - göydəki cənnətdə ölümsüzlük qazanmış mələklər nəsli nəzərdə tutulmalıdır ki, bunlar  elə qədim Misirin Osiris (Asar/Azər) Allahı mənasındadır. Belə çıxır ki, Şah İsmayıl Xətainin ordusu olan “Sorxsər bidin mülhidləri” – Azərbaycan göylərində ölümsüzlük qazanan mələklər nəslidir və qədim mənbələrdə onlar Osiris Allahları kimi qeyd olunurlar. Biz bu batiniləri seyidlər kimi tanıyırıq və məşhur fransız filosofu, şeyx Rene Qenon "seyid" sözünü "peyğəmbər" kimi tərcümə etmişdir. Qurana görə, peyğəmbərlər mələklər nəslindən seçilir (13). Bu isə o deməkdir ki, Şah İsmayıl Xətainin Sorxsər bidin mülhidləri peyğəmbərlər nəslidir və Allahın Şərqdəki ordusu da, göydə ölümsüzlük qazanan bu peyğəmbərlərin ruhlarıdır.

Quranda cərgə ilə düzülmüş mələklər deyəndə - səf-səf duranlar, yəni sufilər nəsli nəzərdə tutulur. Quranın 37-ci surəsi “əs-Saffat” adlanır və burada bu mələklərin ali məqamından, onların məhkəmə qurmasından və s. danışılır: “Bizdən elə birisi yoxdur ki, məlum yeri olmasın. Və həqiqətən biz səf-səf durmuşuq. Və məhz biz şəninə təriflər deyirik!... Yoxsa onlar Allahın bulud kölgələri içində mələklərlə gəlməsini gözləyirlər. Və bütün işlər həll olmuşdur və işlər Allaha qayıdacaqdır… Və budur, siz Allahdan kömək dilədiniz və O sizə cavab verdi: “Mən sizin köməyinizə bir-birinin ardınca gələn min mələklə çataram!... O gün, Göyün buludlarda parçalanacağı və mələklərin dəstə-dəstə endiriləcəyi gün, bütün həqiqi hakimiyyət (Mülk) yalnız Rəhmana məxsus olacaqdır: kafirlər üçün isə çətin gün olacaqdır!” (14). Lakin “əs-Saffat” surəsi eyni zamanda “xatırlamanı oxuyan”, yəni “yada salma” mənasında Mehdiyə də aid edilir: “Həqiqətən, səf-səf durub, qətiyyətlə qovan və xatırlamanı oxuyanlara and olsun ki, Allah birdir!… Bizim sözümüz göndərdiyimiz qulumuzu qabaqlamışdır. Həqiqətən məhz onlar kömək alacaqlar. Bizim ordularımız zəfər çalandır” (15). Burada sözün qulu qabaqlaması deyəndə, əvvəlcədən yazılmış yazıya əsasən Mehdinin zühur etməsi nəzərdə tutulur.

Quranda məhz mələklər Allahın ordusu kimi qeyd edilir: “Və budur, siz Allahdan kömək dilədiniz və O sizə cavab verdi: “Mən sizin köməyinizə bir-birinin ardınca gələn min mələklə çataram... Göylərin və yerin ordusu Allahın ixtiyarındadır. Allah yenilməz qüvvət və hikmət sahibidir!… Allah onları Öz mənəvi gücü və ordusu ilə qüdrətləndirdi ki, siz onu görməmisiniz…” (16). Belə çıxır ki, Allah: “Mənim Şərqdə türk adlanan ordum var: Mənim hansı xalqa qəzəbim tutursa, bu ordunu onların üzərinə göndərirəm” dedikdə, məhz göydə ölümsüzlük qazanmış peyğəmbərləri nəzərdə tutur ki, bunlar da yazdığımız kimi qədim Misirin Osiris (Asar/Azər) Allahının ölməzlər nəsli mənasındadır.

Quran peyğəmbərlər haqda yazır: “İnsanlar bir ümmət idilər, Allah müjdəçiləri və xəbərçiləri peyğəmbər olaraq göndərdi və aralarındakı anlaşılmazlıqları aradan götürmək üçün kitab göndərdi və insanlar bununla da ayrıldılar” (17). İnsanların bir ümmət olması və sonradan ayrılması mənbələrdə Babil qülləsinə aid edilir. Tövrata görə, Şərqdən gələn və bir dildə danışan ümmət, “başı göylərə çatan” Babil qülləsini tikdikdən sonra, Allah onların dillərini dəyişib, dünyaya səpələdi (18). Tarixçi M. Xorenatsi, Babil qülləsinin tikilişini “Yerin başlanğıcı və onun məskunlaşması” adlandırır və ilk Allahlarla bağlayır. Onlar qəddar və Böyük olmuşlar. M. Xorenatsiyə görə, bu Allahlardan ağlasığmaz nəhənglər nəsli ayrılır və onlar nəhəng tikili planlaşdıraraq, o saat da onun tikilişinə başlamışlar (19). Əflatun da ilk yaradılmış varlıqları “Allahlar Allahları” adlandırır və bildirir ki, onları yaradan Demiurq, onlara - ölümlü və “həqiqət dalınca gedən ölümsüz insan” yaratmalarını hökm edir (20). Burada, “həqiqət dalınca gedən ölümsüz insan” deyəndə Əflatun məhz batini sufiləri nəzərdə tutur. Deməli, Quranın “peyğəmbər” adlandırdığı varlıqlar – ilk Allahlardan ayrılmış ölümsüz nəhənglər nəslidir və onlar da “başı göylərə çatan” Babil qülləsini tikmişlər.

Kitabi - Dədə Qorqudda, başı göylərə çatan Babil qülləsi – “Sərt yüksəklikdəki Ümman dənizində tikilmiş kafər şəhəri adlandırılır. Burada yaşayan türklər isə – “su dibində, sağa, sola ordu göndərib vuran asilər” adlandırılır ki, onlar: “Tanrı mənəm, deyə qışqırışırlar”. Kitabda bu asilər ordusu “Qan alaca ordu”, yəni “qanla, qurbanla yaradılmış qırmızı ordu” adlandırılır (21). Babil rəmzinin “Allahın qapısı” mənasında olmasını nəzərə alsaq, razılaşarıq ki, Allahın Şərqdəki ordusu, Babil qapısından keçib yerdəki dünyaya gələn asilərin, yəni Allahların qırmızı ordusudur.

Qədim mətnlərdə Ümman dənizində yaradılmış bu ordu “Umman Manda”, yəni Ümman dəryasının Manda ordusu adlandırılır (22). Ümman rəmzinə bənzər Ummanate rəmzini akkadlar “ordu” mənasında qeyd edirdilər ki, bu söz qədim fars dilində Kara rəmzi ilə qeyd olunurdu. Q. Qeybullayev yazır ki, Bisütun yazılarında “Kara Mada” sözü var ki, (bax: Maday-Kara eposu) bəzən bu sözü “Midiya xalqı” kimi tərcümə edirlər (23). Dyakonova görə, buradakı bütün sərbəst əhali “xalq-ordu” – “kara” anlayışı ilə əhatə olunurdu (24). R. Fray bu haqda yazır: “Qədim iranlılarda, digər hind-avropalı xalqlarda olduğu kimi, şah - qanuni hakimiyyətə hüququ çatan müəyyən nəsildən çıxırdı (şahlıq xarizması). Şahı xalq yığıncağı, qeyd olunan dövrdə isə Kara adlanan “xalq-ordu” seçirdi ki, Əhəməni İranında şah adi yox, şahlar şahı idi. Onun şəxsi müqəddəs idi, çünki o, Allahlar nəslindən sayılırdı. Saray mərasimi, əsasən şah qarşısında təzim adəti Əhəməni hakimlərinin İlahi statusundan xəbər verirdi. Şah eyni zamanda kahin simasında, qurban mərasimlərində rəhbər rolunu oynayırdı. O yeni il şərəfinə keçirilən və ya simvolikaya görə çox vacib olan bayramlarda, bununla bağlı kosmoqonik tamaşalarda əsas fiqur kimi çıxış edirdi. Şahın tacqoyma günü onun doğum günü sayılırdı, çünki o tac adını, yəni “yenidən doğulmuş” adını qəbul edərək, yeni simada çıxış edirdi ki, xüsusi geyim onun hakimiyyətinin bütün kainatı əhatə etməsi mənasında idi (25). Bütün bunlar isə o deməkdir ki, Ümman dənizində yaradılmış ordu bilavasitə Midiya ilə bağlıdır və bu ordu bütün dünya üzərində hakimiyyət qazanmışdır. Bu ordunun şahı ikinci dəfə doğulmuş hesab edilir ki, bu da insan ruhunun, bədənin fiziki ölümündən sonra göylərə qalxması və orada yeni həyat mənasında ölümsüzlük qazanması deməkdir. Ordunun “Kara” adlanması da, onun, qədim Misirin Qor fironlarının ruhları olması mənasında olmasıdır ki, bu ruhlar göydə Qor qızılquşu cildində yaşayırlar.

Mənbələrdən məlumdur ki, fars və midiyalılardan ibarət ordunun özəyini, şah atlıları və “ölümsüzlər” dəstəsi təşkil edirdi. Xiliarxın başçılığı ilə minlərlə “ölümsüz” şahın şəxsi təhlükəsizliyini qoruyurdu. Araşdırıcılar sözlərin etimologiyasına görə hesab edirlər ki, Əhəmənilər (Haxamanişi – Haq-Amon-İssi) dövründə “minlərlə ölməz” – “hazarapati” titulunu daşıyırdı (26). Erməni mənbələrində xazarapet (hazarapati) titulu, ölkənin təsərrüfatını idarə edən və digər bütün işlərə nəzarət edən Xiliarx adlanır. Bu mətnlərdə “hazarapet dran ariats” titulu da qeydə alınmışdır ki, onu “arilərin qapısının Xiliarxı” kimi tərcümə edirlər. Buradakı “qapı” rəmzi Allahın göydəki elinin qapısı, yəni Babil qülləsi mənasındadır ki, digər mənbələrdə o Xalda qapıları kimi də qeyd olunur. Xalda, Xiliarx rəmzləri isə onu göstərir ki, Allahın bu eli - Alban şahlarının nəslinə aid olan Gel, Gelarküni ilə bağlıdır.

Hazarapati rəmzi - Xızır-Apet (Osiris-Pta), yəni Xızır-Yafət mənasındadır və bu da bilavasitə Azərin (Asar/Osiris) Yafət əsilli türkləri deməkdir. “Ölümsüzlük” rəmzi qədim Misir mənbələrində “saxu” (sak) kimi, Assur mənbələrində isə “üşşakku” (şak) kimi məlumdur.  Üşşakkular Assur şahlarıdırlar və mən “Assuriya qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə bu haqda məlumat vermişəm (27). Bu şahlar nəsli erməni mənbələrində Sisaka kimi qeyd edilərək Gelarküni nəslinə aid edilir. Bu isə o deməkdir ki, Allahın göydəki cənnətinin qapısının qoruyucuları və onun ordusunun başçıları Azəri türklərinin Gelar bəgləri olmuşlar. İordanın, yaradılışdan əvvəl göydə səyahət edən Amonun ruhunu və onun cinlərlə cütləşməsindən əmələ gələn qəddar tayfanı da “Qaliurunnı” adlandırması isə o deməkdir ki, Qaliurunnılar, yəni Gelar-hunnlar elə göydə ölümsüzlük qazanmış Misir fironu Amonun (Ra-Amon Allahı) nəslidir. Xiliarxın başçılıq etdiyi minlərlə ölümsüzlər isə, Allahın Şərqdəki türk ordusudur.

Hunn (xunn) rəmzi qədim mənbələrdə xanaan, kənan və s. kimi yazılaraq əsl yəhudilərə, yəni Xəzər türk bəglərinə aid edilir. Xanaan rəmzi altında mənbələrdə amoreylər, marlar, yəni Talmud müdrikləri nəzərdə tutulur. Onlar Babil qülləsini tikən əmir-seyidlərdir və biz bu marları - midiyalılar kimi tanıyırıq. Lakin xunn/xanaan rəmzlərinin xenn, xennu və s. variantları ən qədim Misir mənbələrində çox dərin mənalar verir. Bu rəmzlər - ilkin materiyanın (efirin, göylərin) bir hissəsinin strukturun dəyişib, orada dünya yaratmaqla bağlı rəmzdir. Digər tərəfdən, “kənan” rəmzi assurların “Ki-nun” rəmzidir ki, bu rəmz eyni zamanda mənbələrdə Knun, Kün, Nun-ki, Enki, Annunaki və s. kimi də yazılaraq, Şərqdən gələn ümmətin tikdiyi Etemenanki zikkuratının Esagil məbədinə aid edilir. Bu tikili mənbələrdə Eridu kimi də məlumdur və “ordu” rəmzi də sufizmdə Eridu rəmzi ilə eyni mənalıdır. Bu ilk məbəd, tikilib qurtarıldıqdan sonra yerin altına basdırılmışdır. Mənbələrdə məhz bu abidə Cəbərut aləmi, yəni yerlə göyün keçid aləmi mənasındadır və məhz burada bu gün də Azər odu, yəni ilkin materiya kimi tanıdığımız dirilik suyu mövcuddur. Deməli, Allahın türk adlandırdığı hunnlardan ibarət ordu, adi ordu yox, dirilik suyundan, İlahi oddan yaradılmış müqəddəs varlıqlardan ibarət ordudur.

Orta əsr mənbələrində Eridunun ölməzlər ordusu - Qızıl Orda kimi də qeyd olunur və monqol-tatarlara aid edilir. Sufizmdə “Monqol” rəmzi “Amon-Gel” kimi açılır və Ra-Amon Allahının Gel nəsli mənasındadır. İran və s. mənbələrində monqollar - Elxanilər, Cəlairilər və s. kimi tanınırlar ki, bunların indiki monqollara, Monqolustana qətiyyət aidiyyəti yoxdur. Elxan rəmzi El-Xanan, yəni Kənan/Ki-Nun Eli mənasında, ilkin materiya ilə vəhdət təşkil edən seyid-bəglərə aiddir. Cəlair rəmzi isə Gelar rəmzinin ərəbləşmiş variantıdır. Deməli, qədim monqol-tatarların Qızıl Ordası, Azərbaycanın Gellərinin türk ordusudur ki, biz onları qızılbaşlar kimi, yəni  “sorxsər bidin mülhidləri” kimi tanıyırıq.

Türklər haqqında ən kamil məlumatları, “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində Əbu əl-Ala İbn Xassul vermişdir. İbn Xassul yazır: “Zəncirdən azad olan türk ordunun başında durmayanadək və ya hacib olmaq şərəfinə nail olmayanadək ya da böyük ordunun komandiri və orduda sözü ötən ordu başçısına çevrilməyənədək, özünü məmnun hesab etməyəcəkdir” (28). Burada “zəncirdən azad olma” deyəndə, təbii ki batini məna, yəni insan öləndə, onun “bədəndən azad olan ruhu” nəzərdə tutulur. Lakin ölən hər bir türkün ruhu Allahın ordusunun başına keçə bilməz. Deməli, bu ruh Tək Allahın axirətlə bağlı obrazı mənasındadır.

Bilirik ki, Allah mənbələrdə Özünü - Alfa və Omeqa, Əvvəl və Axır, Şərq və Qərb, Rəhman və Rəhim adlandırır. Burada Axır, Omeqa, Qərb, Rəhim deyəndə, axirətdə gələn Mehdi obrazının onun taxtında oturması başa düşülməlidir. Deməli, türkün “zəncirdən azad olması”ndan sonra ordunun başında durması və hacib olmaq şərəfinə nail olması – axirətdə Mehdi obrazında gələcək və Allah ruhunu daşıyacaq türkün, öləndən sonra ruhunun Rəhman Allahın taxtında oturması mənasındadır. M. Xorenatsiyə görə, Valarşak, Anqelea ləqəbli Torku - Qərbin, yəni Günəşin qürub dövrünün (axirət) hökmranı adlandırır ki, bu da axirətdə gələn türkün məhz Angelea, yəni Gel nəslindən olması deməkdir (29). Axirət məhkəməsi də məhz bu türkün “zəncirdən azad olması”dan sonra başlamalıdır.

Əhdi-Ətiqdə axirət məhkəməsi ilə bağlı Allahın yerə göndərdiyi ordusu barəsində yazılır: “Allah deyir: Budur, uzaq şimal ölkəsindən bir xalq gəlir və Böyük xalq Dünyanın axırından qalxır: əllərində yay və nizə var: onlar qəddar və rəhmsizdirlər, onların səsləri dəniz səs kimidir və bir nəfər kimi cərgə ilə düzülmüş, at üstündə səninlə döyüşə gəlirlər Sion qızı. Biz onlar haqqında eşitdikdə əllərimiz sallandı, qadınların doğum zamanı əziyyətlərinə bənzər kədər bizi bürüdü. Sahələrə və yol ilə getməyin, çünki hər tərəfdə istəməyənlərin qılıncı və dəhşət vardır. Mənim xalqımın qızı! Hüzür paltarını gey və başına kül tök; tək oğulun ölümü kimi yas tut, hönkür-hönkür ağla; çünki can alan bizim üstümüzə birdən gələcək (30). Mənbələrə görə, bu axirət müharibəsində Allah öz xalqı üçün vuruşacaq: “Allah öz xalqının qisasını aldığı müddətdə günəş dayandı, və ay da durdu... Və bu günə qədər və bundan sonra belə bir şey olmamışdır ki, Allah insan səsini eşitsin. Çünki Allah İzrail (Azər-Eli) üçün vuruşurdu (31). Mən, “Qurandakı İsrail oğulları Azəri türk bəyləridir” adlı məqaləmdə qədim İsrail elinin məhz Azər eli olmasını faktlarla sübut etmişəm (32). Bu isə o deməkdir ki, Rəhman Allah, Dünyanı yaradandan sonra Azərbaycandan ərşə yüksəldiyi kimi, axirətdə də məhz burada öz elini əzablardan qurtaracaq.

Yazdıqlarımdan çıxan nəticə isə odur ki, Allahın Şərqdəki türk ordusu, onun Midiya göylərində yaratdığı Albaniyada ölümsüzlük qazanmış və sayı 120000 olan asilərdir (assasinlər). Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

          

                                                        Ədəbiyyat

1.          Л. И. Климович, «Ислам», М., 1965, səh. 131

2.         Рол Д. Генезис цивилизации. Откуда мы произошли… Эксмо, М., 2002, səh. 428

3.         Историческая география Азербайджана. Б., 1987, səh. 67

4.         И. Дьяконов, «История Мидии», M.1956, səh.219, 220

5.         Ислам, «Рассветное познание восточного шейха», sayt: http://angel.org.ru/2/sohrpred.html

6.         А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm

7.            “Türk, Türkiyə nə deməkdir? Ağlasığmaz həqiqətlər”, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1196

8.            Иордан, «О происхождении и деяниях гетов» http://www.vostlit.info/haupt-Dateien/index-Dateien/I.phtml?id=2049

9.            А. Оппенхейм, “Древняя Месопотамия”, М., 1980, səh.146

10.       Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 134,104

11.       Quran, 18:90

12.       “Azərbaycan tarixi üzrə qaynaqlar”, B., 1989, səh.187

13.       Quran, 22:75

14.       Quran, 37:164-166, 2:210, 8:9, 25:25,26

15.       Quran, 37:1-4,171-173

16.       Quran, 8:9, 2:210, 48:7, 9:40

17.       Quran, 2:213, 22:74

18.       Библия, Быт.11:1-9

19.       М. Хоренаци, Книга 1, гл.9

20.       Əflatun, “Timey”, 41B,D,S

21.       “Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118, 38, 74

22.       «История Древнего Востока» М.,1988, II cild, səh. 135-136

23.       Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991, səh.381

24.       И. М. Дьяконов, «История Мидии от древнейших времен до конца IV в. до н.э.», М.-Л.,1956, səh. 327, 334, 333

25.       Р. Фрай, «Наследие Ирана» М., 1972, səh. 136

26.       Р. Фрай, «Наследие Ирана» М., 1972, səh. 152, 139

27.       “Assuriya – qədim Azərbaycan ölkəsidir”,  http://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1242

28.       Ф. М. Асадов, «Арабские источники о тюрках в раннее средневековье», Б., 1993, səh. 112

29.       М. Хоренаци, «История Армении», кн. II, гл. 8

30.       Библия, Иеремия 6:22-26, 5:15-18

31.       Библия, Иисус Навин, 10;13,14

32.       “Quran”dakı İsrail oğulları - Azəri bəgləridir”, sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1180

 

                                                                                      Firudin Gilar Bəg                                                                                                                             www.gilarbeg.com