Misteriyalar yaradan Din ustaları kimlərdir?

          Şərqdə sufizm, təvil, ledun, ezoterizm və s. kimi tanınan seyidlərin batin elmi, ən qədim zamanlarda misteriya, misterion, mistika və s. kimi yazılaraq gizlilik, gizli ayinlər mənasını verirdi. Qədim Yunanıstanda bu mistisizm Dinə aid edilərək “mystery religions” kimi qeyd olunurdu ki, bu da Dinin bilavasitə hansısa gizli rituallarla bağlılığı deməkdir (Tarih Uluç, “İbn Arabi-de Sembolizm”, İstanbul, İnsan yayınları 2011, səh.17). İngilislərin "mister" sözü də misteriya ilə, yəni gizli elmlə, batiniliklə bağlı olan insan mənasındadır. Yalnız samitlərin xüsusi məna ifadə etdiyi batinilikdə mister [MSTR], misteria [MSTR] rəmzləri kimi master [MSTR] rəmzi də eyni fikri bildirir ki, bu da gizli Dini misteriyalar, ayinlər keçirən Din ustaları deməkdir.

          Məşhur yazıçı və natiq Laktansiya (IV əsr.) “Din”, yəni religio (lat.) sözünün - “bağlamaq”, “birləşmək” mənasında olan “religare” sözündən əmələ gəlməsini qeyd edir. Burada "bağlamaq" dedikdə İlahla (Re-elig/Ra-İlah), yəni ilkin materiya ilə vəhdət nəzərdə tutulur. Xalkidli Yamvlix, özünün əsas kitabı olan “Misir sirləri haqqında” kitabında, İlahla (Allah) vəhdət təşkil edən insanları teurqlar adlandırır və Misir maqları kimi göstərir. Yamvlix bildirir ki, teurqların son məqsədləri - ruhlarının yaradıcı Allahla vəhdətidir (А. Ф. Лосев “История античной эстетики», sayt: http://psylib.ukrweb.net/books/lose007/txt40.htm). O, teurqun, Allahla vəhdəti üçün keçirdiyi ayinləri “teurqiya” adlandırır. Qəbul olunmuşdur ki, “teurqiya” (“teos” – Allah, “orqiya” - ayin, qurban mərasimi və s.) sözü - Allahla vəhdətə nail olmaq üçün kahinlərin keçirdiyi qurban mərasimi, ayin deməkdir və onu “Allah yaratma” kimi də tərcümə edirlər. Deməli, Dini misteriyalar - Allahla, yəni dirilik suyu, İlahi od və s. mənasında olan ilkin materiya ilə bağlı keçirilən rituallardır.

        Sufizmdə ilkin materiya ilə vəhdət – türükün (türk) tərikə [TRK] yolu adlanır və sufinin Allaha, yəni “Hu” adlandırdığı ilkin materiyaya qovuşması üçün keçdiyi silsiləni bildirir. Sufilər bunu Allaha (ilkin materiyaya) və ya Allahda “səyahət” (“seyri suluq”)  adlandırırlar. Silsilənin “Bəqa”, yəni bəglik fazasında türük Allaha qovuşur və artıq onunla Allah arasında heç bir maneə olmur. O, ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, misteriyalar – insanın, Allah qüdrətinə sahib olmaq və ondan öz mənfəəti üçün istifadə etmək məqsədilə keçirilən ayinlərdir. Əgər nəzərə alsaq ki, sufizmdə teurq rəmzi türk (türük, tərikə) rəmzi ilə eyni mənalı rəmzlərdir, razılaşarıq ki, Misir teurqları [TRQ] elə türklər [TRK] olmuşlar.

         Sufinin ekstatik durumdakı Bəqa səviyyəsi qədim mənbələrdə Baxus və ya Vakh (Vəhy) adlanır. Yunan mifologiyasında Vakh - ekstaz, vəcdə və cuşa gəlməni, eyni zamanda təbiət qüvvələrini bildirən Olimpiya Allahı sayılır. Yunanlıların, eyni zamanda Dionis adlandırdığı Vakh mənbələrdə düşünən ruh kimi qeyd olunur. O Titanların hökmranı, yer sferasının qurucusudur. Vakh vəziyyəti, düşünən ruhun özünü dərk prosesindəki vəziyyətidir. Titanların vəziyyəti isə, səpələnmiş və öz düşünmə mahiyyətini itirmiş düşünən ruhlardır. Vakh güzgüyə baxan zaman, özünü bütün səpələnmiş ruhların bənzəri kimi görür və öz əksini, kölgəsini canlandırır. Beləliklə kosmosda, Vakh/Bəqa vəziyyətində olan insana bənzər nəhəng insan canlanır ki, Mühiddin ibn Ərəbi bu obrazı Adəm adlandırır və Haqq, yəni Allah kimi qeyd edir (İbn Ərəbi, “Füsus ül Hikəm”,1). Deməli, Baxus, Vakh, Dionis dedikdə kosmosda yaradılmış və insan formasında olan nəhəng Allah təsəvvür olunmalıdır. Parçalanmış Vakhın dirilməsinə aid keçirilən törən isə mənbələrdə Vakh misteriyası adlandırılır.

         Vakh misteriyaları - Titanların parçaladığı gənc Vakhın (Dionis) dünyaya səpələnmiş və məhv olmuş bədəninə həsr edilmişdir. Yalnız onun ürəyi Pallada tərəfindən xilas olur ki, bunun hesabına o yenidən öz görkəmində dirilir. Titanlara qəzəblənən yaradıcı Demiurq Yupiter, cinayətlərinə görə, onları öz ildırımı ilə məhv edir. Eyni mənalı misteriyalar qədim Misirdə Osiris (Asar) Allahına aid edilirdi ki, o da qardaşı Set tərəfindən öldürülür və sonradan, oğlu Qor və anası İsida tərəfindən yenidən dirilir.

        Misteriyaların içində ən təntənəli keçiriləni isə Elevsin misteriyaları sayılır ki, bu da böyük və kiçik misteriyalara bölünürdü. Ceyms Qardnerə görə, kiçik misteriyalar yazda, yaz gün bərabərliyində, böyük misteriyalar isə payızdakı gün bərabərliyində keçirilirdi. Kiçik misteriyalar hər il, böyük misteriyalar isə beş ildən bir qeyd olunurdu. Tomas Teylora görə, kiçik misteriyalar, uşağın ana bətnindəki inkişafı mənasındadır ki, ağıl 9 gün (9 ay rəmzində) illüziyalar aləminə düşür və öz üzərinə qeyri-reallıq pərdəsi örtür. Doqquz gün eyni zamanda doqquz sferanın rəmzi sayılır və insan ruhu bunlardan keçib yerdəki formasını alır. Böyük misteriyalar isə mənəvi dirçəlmə mənasında idi ki, ali idrakı dərk yolunu gedən insanı maddiyyat cəhalətindən azad edirdi. Burada, söhbət ölüm şahlığından, kamilləşmiş insan ruhunun azad edilməsindən gedir ki, bu da axirətdə yerə enəcək və insan forması alacaq İlahi ruh, yəni Allah ruhu mənasındadır (“Древние мистерии и секретные общества, повлиявшие на современный масонский символизм”, sayt:  http://www.telesmi.info/holl/ensy003.htm). Deməli, Elevsin misteriyaları əsasən, axirətdə gələcək insanın ruhunun ölüm şahlığında kamilləşməsinə həsr olunmuşdur. Ümumi götürdükdə bu misteriyaları əsasən iki hissəyə ayırmaq olar ki, burada birinci hissə, insanın vəhy hesabına kamilləşib, göydə Allah yaratmasına və axirətdə bu Allahın ölməsinə aiddir. İkinci hissə isə, bu ruhun ölüm şahlığındakı obrazını kamilləşdirib yerə insan simasında endirilməsinə və onun ölmüş Allahı diritməsinə həsr olunmuşdur.

        Kiçik Asiyada ölüb-dirilən Attis Allahının (Adonis,Tammuz, Kibela) bayramı Gilar bayramı adlanırdı (Ем. Ярославский, «Как родятся, живут и умирают Боги», М.,1941,стр.83,86). Batin elmində Gilar [RLG] rəmzi, “Din” mənasında olan “religio” [RLG] rəmzi ilə eyni mənalı rəmzdir ki, bu da qədim Dinin məhz Gilar misteriyaları ilə bağlılığı və bu misteriyaları Gilar ustalarının (master) keçirməsi deməkdir.

           Mən, “Aşura haqqında ağlasığmaz həqiqətlər” adlı məqaləmdə göstərmişəm ki, bu gün Azərbaycanda və bəzi müsəlman ölkələrində keçirilən Aşura mərasimi də öz kökünü məhz bu misteriyalardan götürmüşdür. Sufi və xristian mənbələrdə Məhəmməd peyğəmbər də kosmik insan obrazında göstərilir və ölümündən sonra onun da yenidən diriləcəyi xüsusi nəzərə çatdırılır (Г. В. Носовский, А. Т. Фоменко «Пророк завоеватель», М.2009,səh.5,238,37,46,81,83,85). Məhəmməd peyğəmbərin İslam Dini də bu baxımdan kosmik insanla bağlı qanunlar mənasındadır. Quranda “Din” rəmzi çox mənalar verən rəmzdir. Bunlar: Allah Hakimiyyəti, bu hakimiyyətə itaət edib boyun əymək, bu hakimiyyətin əməli nizamı, sərhəddi, qanunu, hökmü, fərmanı, qanununa əməl etmə, onun verdiyi mükafat və ya cəza, şəriət, adət, axirət, hesab, yol, səltənət, mülkiyyət və s. mənalarıdır. Əgər nəzərə alsaq ki, “Din” rəmzi sufizmdə Dionis rəmzi ilə eyni mənalıdır və bu “Din” Quranda Vaki, yəni Vakh mənasında qeyd olunur, razılaşarıq ki, “Din” dedikdə kosmik insan və onun qanunları başa düşülməlidir (Quran 51:6). Quranda “Din günü” ifadəsi var ki, bu da axirət mənasında ölmüş Dionisin/Vakhın diriləcəyi axirət günü mənasındadır (Quran, 82:17-19). Belə çıxır ki, İslam Dini elə qədimdə Gilar elindəki Dinin təhrifə uğramış variantıdır. Batini ismaililərin müqəddəsi hesab olunan Şah İsmayıl Xətai, “Ərənlər sərvəti ol Paki Dindür” dedikdə, məhz Gilar bəg-ərənlərinin Batin elmini “Pak Din” adlandırır.

        İslam dünyasının ən tanınmış alimi Mühiddin ibn Ərəbinin “Füsus-ül Hikəm” kitabına görə, Allah, İslam Dinini məhz İbrahim oğullarına və Yaquba vəsiyyət etmişdir (Ибн Араби, “Геммы мудрости”, böl.8). Batin elmində İbrahim [BRHM] rəmzi Ba-Rəhim [B-RHM] kimi də oxunur ki, bu da Bəsmələdə “Bismillah” rəmzinin Rəhman rəmzindən sonrakı Rəhim rəmzinə də aid edilməsi mənasındadır. Bismillah dedikdə biz – “Ba Allahının ismi”nin, Rəhman və Rəhim olduğunu bilirik ki, qədim Misirdə Ba rəmzi Allahın göydə ölümsüzlük qazanmış ruhunu bildirirdi. Mən, “Rəhman Allahın ağlasığmaz sirləri” adlı məqalədə göstərmişəm ki, Rəhman Allah qədim Misirdə Ra-Amon adlanan Allahdır ki, ərşə ucalaraq, göyləri özünə tabe etmiş və  orada ölümsüzlük qazanmışdır. Rəhim obrazı isə axirətdə onun yerinə keçəcək Mehdinin obrazıdır. Deməli, İbrahim obrazı, axirətdə Rəhman Allahın taxtında oturacaq varis Rəhimin obrazıdır ki, onun Ba ruhu ölümündən sonra göydəki kosmik insanın ruhuna çevriləcəkdir. Hind fəlsəfəsində Ba-Rəhman – Brahman, Ba-Rəhim isə Braxmo (İbrahim) kimi qeyd olunur ki, birinci hər şeyi yaradan, ikinci isə ilkin materiyanın bətni mənasında axirətdə gələcək Allaha aid edilir. Mən “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqalədə bu haqda məlumat vermişəm.

         Yaqub rəmzi sufizmdə Bəqa səviyyəsi mənasındadır və bu rəmz qədim mənbələrdə Qeb dünyası, yəni Qeyb aləmi kimi qeyd olunur. Tövratda, Allah Yaqubun adını dəyişərək İsrail/İzrail qoyur ki, bu da Bəqa səviyyəsində yaradılmış göy cənnətinin sonrada Asar-Eli/Azər-Eli mənasında Osiris şahlığı adlanması deməkdir. Əgər nəzərə alsaq ki, İbrahim peyğəmbərin də atasının adı Azər olmuşdur, razılaşarıq ki, Allahın İbrahim oğullarına və Yaquba vəsiyyət etdiyi Din, Azəri türklərini Gilar bəglərinin Batin elmidir. “Mystery religions” dedikdə də qədim Dini misteriyaları keçirən Gilar ustaları nəzərdə tutulmalıdır.

        Batin elmində mystery/mister rəmz “mu+ister” kimi də izah olunur ki, buradakı “Mu” rəmzi yaratmaq mənasındadır. Hind fəlsəfəsinə görə, Brahman dünyası məhz “Omm” səsinin müşayiəti ilə yaranıb ki, “Om/Mo” səsini çıxaran qurbanlıq heyvanların ruhlarından göydə kosmik varlıq yaradılmışdır. Deməli, “Mu” rəmzi - yaradıram, yaradan, yaradıcı və s. mənalarındadır. Mister rəmzini “İster” hissəsi isə hamıya İstar (İştar) İlahəsi (Allah) kimi məlumdur. Bu İlahə qadın ilkin materiyanın, dirilik suyunun rəmzidir. Deməli, mystery/mister rəmzləri “Allah yaradan”, “Allahın adı ilə yaradan”, “göydən dirilik suyu gətirən” və s. kimi də oxuna bilər. Bu isə Din ustalarının, göydəki dirilik suyundan Allah yaratmış teurqlar olması deməkdir.

         Lakin mystery/mister rəmzləri eyni zamanda “mis+ter” kimi də açıqlanır ki, buradakı “Mis” rəmzi həm Musa peyğəmbər və həm də Nuh oğlu Sim mənasındadır. Bilirik ki, Musa peyğəmbər göydən İlahı od gətirmiş və ondan göydə Vəhy çadırı qurmuşdur. Tövratda Sim obrazı da çadır mənasında göstərilir: “Allah Yafəti genişləndirsin və o Sim çadırına yerləşsin: Xanaan isə ona qul olsun” (Библия, Быт.9:25-27). Deməli, “Mis/Sim” rəmzi - göylər və burada yaradılmış cənnətin çadır formasındakı obrazıdır. Mystery/mister rəmzindəki “Ter/Ret” rəmzi isə ən qədim mənbələrdə “Taur” və “Arat” kimi qeyd olunur ki, qədim Misir yazılarında «Ta-ur» “böyük torpaq” mənasında Abidos, yəni göydə yaradılmış Beytə (Abtu) – Evə aid edilir. “Ter” rəmzi ilə eyni mənalı “Arat” (Aratta) rəmzi isə mənbələrdə Enmerkar şahla əlaqələndirilir ki, məhz bu şahı şumerlilər - Asar, yəni Osiris, Azər Allahı adlandırdılar. “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə mən Asar/Osiris Allahının yaradılması prosesi haqda bilgilər vermişəm. Deməli, mys-tery/mis-ter rəmzləri – göydə yaradılmış cənnət (Vəhy [Vakh] çadırı) və onun ümumi obrazı olan Osiris (Vakh) Allahı ilə bağlıdır və “mystery” dedikdə də məhz Osiris Allahının ölüb və dirilməsinə həsr olunmuş ayin nəzərdə tutulmalıdır. Mystery rəmzinin “religio” rəmzinə aid (“mystery religions”) edilməsi isə onu göstərir ki, bütün bu yaradılış bilavasitə Gilar eli ilə bağlıdır və Din ustaları da Gilar türk bəgləri olmuşlar.

          Mən “Древние масоны – прямые потомки богов” adlı məqalədə göstərdim ki, qədim dünyanın bütün sirləri bir məkanla və bu məkanda yaşayan bir tayfa ilə bağlıdır ki, qədim mənbələrdə bu el Gel, Qall, Qalil, Qalaad, Xelat, Xaldeya, Kelt və s., burada yaşayan tayfa isə Gel, Xəlil, Qall, Qulyard və s. kimi qeyd olunurlar. Qədim mənbələrdə məhz onlar Allahların törəmələri, mələklər, əjdahadan doğulmuşlar, müqəddəslər və s. adlandırılırlar. Dünyanın bütün imperatorları, şahları, çarları, sultanları bu tayfanın törəmələridirlər. Ra-Amon (Rəhman) Allah məhz onları öz xalqı hesab edir və özü də idarə edir. Bütün mason təşkilatlarını da məhz bu “quş dili” bilən Gel oğulları yaratmışlar ki, bəşəriyyətin bütün inkişafı, onların hesabına baş vermişdir. Bütün Dinlərin də batini, yəni gizli mənaları, onların bu dünyada gördüyü işlərə aiddir. Məhz onlar, ruhun ölümsüzlüyü üçün göydə cənnət yaratmış və öləndən sonra da ruhları orada ömürlərini davam etdirirlər. Adi insanların da bu cənnətdə ölümsüzlük qazanması üçün, bu müqəddəslər nəsli, İslam qaydaları yaratmış və həyatını bu qanunlara uyğun yaşamış insanlara orada ölümsüzlük qazanmaları üçün şans vermişdir. Lakin sonradan, insanlar bu qanunların zahiri mənalarını əsas götürdükləri üçün cənnətdən qovuldular.

         Bəşəriyyətin əvvəlcədən yazılmış və gizlədilmiş tarixinə görə, Allah axirətdə yenidən insanlara bu cənnəti qazanmaq şansı verəcək ki, bu zaman parçalanmış, köhnə cənnətin yerinə yeni Azər şahlığı, yəni Osiris dünyası yaranacaq. Mənbələrə görə bu şahlıq da Gelar eli ilə bağlı olacaqdır.

          Bütün bunlar haqda daha geniş məlumatlar və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.

 

                                                                                      Firudin Gilar Bəg

                                                                                      www.gilarbeg.com