Quran yazır: “O (Allah) - Əvvəl və Axırdır. Zahir və Batindir. O hər şeyi biləndir!” (Quran, 57:3). Eyni fikir Əhdi-Cədiddə nəzərə çatdırılır və burada Allah bildirir ki, “Mən – Alfa və Omeqayam (Əvvəl və Axır) və axirətdə də Mən gələcəyəm” (Библия, Откр.1:8, 1:10-11, 22:12-13). Bu kitabda, axirətdə gələcək Allah kimi İsa peyğəmbər nəzərdə tutulur və xristianlar da İsanı Allah kimi qəbul edirlər. Deməli, Quranda da – “O, Əvvəl və Axırdır, Zahir və Batindir” deyəndə - Batində, yəni gizlində olub, axırda gələn insan, Allah kimi qəbul edilməlidir.
Quranda (57:3) “Əvvəl” sözü - “evvelu” kimi yazılır ki, bu da ilk, bütün varlıqlardan əvvəl var olmuş” deməkdir. Sufizmdə bu rəmz Şumer yazılarındakı “Libbi” rəmzi ilə eyni mənalıdır. Axır sözü isə bu kitabda “Ahiru” kimi yazılır ki, bu da qədim Misirin Xor, Qor rəmzi ilə eynidir və mən “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqalədə bu rəmzlərin batini mənalarını açmışam (sayt: http://gilarbek.blogspot.com/2013_10_01_archive.html).
Qurana görə, Allah Adəmi və İsa peyğəmbəri “Kün!”, yəni “Ol!” əmri ilə yaratmışdır (Quran, 3:59). Axırda gələnin İsa, əvvəldə gələnin isə Adəm olduğunu qəbul etsək, razılaşarıq ki, Əvvəldə və Axırda gələn Allah haqqında tam təsəvvür yaratmaq üçün “AdəmKün” və “İsaKün” rəmzlərinin sirlərini araşdırmalıyıq.
Yalnız samitlərin xüsusi məna ifadə etdiyi sufizmdə, yəni Batin elmində, “AdəmKün!” [DMKN] rəmzi, mənbələrdəki “Damkin” [DMKN] rəmzi ilə eyni mənalıdır. Damkin rəmzi isə ən qədim mətnlərdə - “Yer və göyün təməl Evi” olan Etemenanki məbədinə aid edilir. Mən, yuxarıda qeyd etdiyim məqalədə göstəmişəm ki, Etemenanki (AtumNunKi) zikkuratının Esagil məbədi, qədim Assur, Misir Allahlarının yaratdığı kosmik insanın – Adəmin yerdəki obrazıdır. Mətnlərdə Asar/Osiris adlandırılan bu kosmik insan (Adəm), qədim Misir mənbələrində Atum Allahı adlandırılır. Mühiddin ibn Ərəbi, əl Qəzali, Astarabadi və s. kimi sufilərə və digər mənbələrə görə də, Adəm (Atum) – bütün dünyanı Öz “bədəni” ilə əhatə etmiş Allahdır. Deməli, Əvvəl (Alfa) mənasında olan ilk Allah – göydə kosmik insan obrazında yaradılmış Atum Allahıdır.
Qədim Misir mətnlərinə görə, Atum Allahını - Misirin ilk fironu (pir) kimi tanıdığımız Amon yaratmışdır. Amon öldükdən sonra, onun ruhu ərşə qalxaraq, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşmiş və Ra-Amon Allahına çevrilmişdir. Ra-Amon Allahı isə - kosmik insan olan Atumun (Adəmin) düşünən beynidir. Bu o deməkdir ki, Əvvəldə gələn Allah, yəni Adəm - qədim Misirin ilk fironu olmuş Amondur.
Pir (firon) Amon, 5500 il bundan əvvəl, bəşəriyyətə həyat vermiş ilkin materiyanın sirlərini dərk etmiş və özünə tabe edərək, ondan, insan obrazında olan kosmik varlıq – Atum Allahını (Adəm) yaratmışdır. İlkin materiya - mənbələrdə dirilik suyu, İlahi od, həyat enerjisi və s. adlandırılan cövhərdir ki, onun nə əvvəli nə də sonu var. Kosmik insan olan Adəm də bu İlahi nurdan yarandığı üçün, Quranda O - əvvəli və sonu olmayan, doğmayan, doğulmayan Allah adlandırılır.
Quranda Ra-Amon Allahı Rəhman kimi qeyd olunur və onun göyləri tutması, Rəhmanın ərşə sahib olması kimi nəzərə çatdırılır (Quran, 20:5). Deməli, Əvvəldə gələn Allah elə Rəhman Allahdır ki, o Adəm obrazında ərşə sahib olmuşdur.
İslamın əsas rəmzlərindən olan “Bismillahu Rəhmani Rəhim” rəmzi sufizmdə - “Göylərin sahibi olan Allahın ruhu - Ra-Amonun və Ra-Qamın ruhudur” kimi mənalandırılır və mən Batini-Quran kitabında buna izah vermişəm. Burada Rəhmandan sonra Rəhim adı çəkilir ki, bu rəmz axırda gələn və batində olan Allah aid edilməlidir. Rəhim rəmzi sufizmdə Ra-Qam mənasında, qamlıq vəziyyətində (sufizmdə Bəqa səviyyəsi) olan insan ruhunun, axirətdə Ra günəşi ilə birləşəcəyi deməkdir. Ra-Qam rəmzi mənbələrdə Qamər kimi də yazılır və Ay mənasını verir ki, bu da Günəş Allahı Rəhmandan sonra, axirətdə, onun yerinə keçəcək Ay Allahı mənasındadır.
Bismillah (Bəsmələ) rəmzi sufizmdə “Bi+İsm+İllah” kimi açılır və yazılanlara görə imam Əli demişdir: “Quran Fatihədən, Fatihə Besməlidən, Besməli isə Ba hərfindən ibarətdir. Mən isə Ba hərfinin altında bir nöqtəyəm”. “Ba” rəmzi qədim Misir mətnlərində, göydə ölümsüzlük qazanmış pirin ruhunu bildirirdi. İslamda da Ba/Va rəmzləri Allaha aid edilir və “Billah”, “Vallah” kimi məlumdur. Quranda Billah rəmzi – “Amenu Billahi” kimi yazılır ki, bu da Ba Allahın ruhunun elə qədim Misirin ilk piri olan Amonun (Amenu) ruhu olması deməkdir (Quran, 49:15). Deməli, “Amenu Billahi” dedikdə Amon Allahının göydə, Allah obrazında olan Ba ruhu başa düşülməlidir.
Quranda, axırda gələnin də Allah adlandırılması o deməkdir ki, axirətdə yaranacaq ikinci Adəmin də ruhu pir (firon) Amonun ruhu olacaqdır. Xristianlarda “Ruh” mənasını verən İsa rəmzi - qədim Misir mənbələrində “Allahın Ruhu” mənasını verən “Sia” , “Şu” rəmzidir. Yəhudilər bu Ruhu - “Yeşua”, müsəlmanlar isə “Şiə” rəmzi kimi qəbul etdilər. “İsa” rəmzi Kitabi - Dədə Qorqudda “Asi” kimi yazılır ki, asilər “su” altında - “Allah mənəm” deyə car çəkirlər (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118). Deməli, Kitabi - Dədə Qorquda görə, Allah - Əmman (Ümman) dənizindəki kafər şəhərində yaşayan ruhdur və o axirətdə İsa obrazında gələcək ki, bu eyni zamanda Şiə imamının gəlməsi mənasındadır.
Tədqiqatlar göstərir ki, xristianların İisus Xristos adlandırdıqları İsa Allahı mənbələrdə imam Əli ilə əvəz edilir. Şiələrin Əli-Allahi (Əhli-Həq) təriqətində də Əlini Allah kimi qəbul edirlər. Quranda imam Əlinin adı çəkilmir, əvəzində isə Məryəm oğlu İsanın adına 23 dəfə rast gəlinir. Sufi dahilərindən olan Mühiddin ibn Ərəbi, imam Əlinin əvəzinə İsanı – “mütləq vilayətin möhürü” adlandırır və bununla da, imamlığın və xristianlığın funksiyalarının üst-üstə düşdüyünü bildirir (Анри Карбен, «История исламской философии», sayt: http://networkedblogs.com/lrg5G). Ərəbi, varis rəmzi altında, Allahın “Ol!” əmri ilə yaranmış İsanı və onun obrazlarını nəzərdə tutur. Hədislərə görə də Məhəmməd peyğəmbər yalnız Məryəm oğlu İsanı özünə yaxın hesab edir. Belə çıxır ki, Məhəmməd peyğəmbər İsanı - imam Əli kimi qəbul edir. Deməli, axirətdə imam Əli ilə eyni obrazda çıxış edən İsa, yəni İisus Xristos gəlməlidir. Mən – “Ledun elmində İmam Əli obrazı” adlı məqaləmdə Əli rəmzinin ən qədim rəmz olduğunu və bu rəmzin qədim Assur mənbələrində, göydə yaradılmış kosmik İnsan-Allah obrazında olmasını da yazmışam (sayt: http://www.gilarbeg.com/index.php?sehife=oxu&lang=1&content=1203).
Sufizmdə də “Ruh” mənasında olan İsa rəmzi, müsəlmanların Şiə rəmzi ilə eyni mənalıdır. İsa peyğəmbər Qalileyin Nazaret şəhərindən olmuşdur ki, şiələr bunu Gel (Gelati-Şiə) və Nizar eli adlandırırlar. Nizar (Nazaret/Nasar) - batini şiələrdə irqin fəxri olan imamdır. Deyilənə görə O sağdır, lakin onu heç kim görə bilməz. O həmişə əbədi yaşayır və şahlıq edir. Nizari rəvayətinə görə, birinci “gizli imam” Nizarın nəvəsi olmuşdur ki, atasının və babasının Misirdə zindanda ölümündən sonra yetim qalmışdır. Onu nizarilər xilas etmiş, Ələmut qalasına aparmışlar. Orada onu Həsən ibn Sabbah gizlində tərbiyə etmiş və heç kimə göstərməmişdir («Шииты, сунниты, дервиши: вечные тайны ислама», М., 2005, səh. 159). Yazılanlara görə, Həsən ibn Sabbah ölümündən əvvəl, öz Ələmut dövlətini öz xələfinə - “imamın öz dövlətinin başına keçəcəyi” vaxta qədər tapşırmışdır (Л. В. Строева, «Государства Исмаилитов в Иране в XI – XIII вв.», М., 1987, səh. 165,166,59). Deməli, Nizar burada Nazaretli İsa kimi bir müddət gizlində qalmışdır ki, axirətdə zühur etsin.
Nizar rəmzi - Nu şəhərindəki Azər/Asar, yəni Osiris Allahı mənasındadır ki, Nu şəhəri qədim Misir mətnlərində Gel (Geliopol) şəhərinin digər adıdır. Nizarın əbədi yaşayıb şahlıq etməsi, onun Allah rolunda olması mənasındadır və qədim Misir yazılarında bu rəmzlər bilavasitə Misir Allahına şamil edilir. Belə çıxır ki, Nizar deyəndə - qədim Misirdə dirilik suyu, İlahi od və s. mənalarda olan Asar/Azər, yəni Osiris Allahı başa düşülməlidir. Misir mətnlərinin birində Osiris-Nu (Nu-Asar/Nasar) Allahının – “Mən Sebek Allahı kimi diriləcəyəm” deyimindən isə belə çıxır ki, mənbələrdə Sabbah deyəndə məhz qədim Misirin Sebek Allahı başa düşülməlidir. Osiris Allahının mənbələrində “ölüb-dirilən Osiris” adlanması, Sebek Allahının da bu mənada dirilməsi, onun Osiris Allahının obrazında olması deməkdir. Buradan isə belə nəticə çıxarmaq olar ki, gizlində qalmış İsanın gəlişi, elə Nizarın zühurudur və qədim Misir yazılarında bu hadisə Osiris (Azər) Allahının axirətdə dirilməsi mənasındadır.
Nizariləri mənbələrdə “assasinlər” adlandırırlar ki, sufilər bu rəmzi “İssi-Sin” kimi oxuyurlar. “İssi” (İisus) rəmzi “Asi”, “İsa” rəmzləri kimi “Ruh” mənasını verdiyi üçün, “assasin” rəmzi “Sin-ruhu” deməkdir. Sin rəmzi isə qədim mənbələrdə, axirətdə gəlməli olan Ay Allahı mənasındadır və bu da İslamın rəmzidir. Tədqiqatçı Devid Rol qeyd edir ki, patriarxal dövrdə Xarrandan (Arran) olan Ay Allahı Sin, mənbələrdəki “İl-Amurru” rəmzi ilə eyniləşdirilirdi. İl-Amurru, yəni amoreylərin (midiyalıların) El Allahı da qədim mənbələrdə - Ay kultu emblemi fonunda dayanmış və ya onu əlində tutmuş vəziyyətdə təsvir edilirdi. Tapılmış əşyalarda “Amurru torpağının Sin Allahı” kimi tərcümə edilən yazılara da rast gəlinir (Дэвид Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read).
Məşhur sufi Cabir ibn Xəyyanın “Kitab əl-Məcid” traktatında, “Sin” rəmzi gözlənən İmama aid edilir. Tədqiqatçı Anri Korbenə görə, “Sin - qərib, səyyah, yetim mənasındadır və öz zəhməti ilə İmama gedən yolu tapanın, özü kimi səyyahlara İmamın təmiz nurunu göstərənin obrazıdır...”. Burada İmam özü İlahi Ruhdan axaraq dünyamızdakı vəziyyəti dəyişəcək olan Eliksir (əl-İksir) kimi göstərilir. Deməli, amoreylərin Xarrandan olan Sin - Ay Allahı, ilkin materiyanın təcəssümü olaraq insan obrazında zühur edəcək İmamın obrazıdır.
Amorey [MR] rəmzi İslamda - hökmdar, rəhbər, müsəlmanların başçısı mənasını daşıyan əmir [MR] kimi məlumdur. Bu rəmz şiəlikdə İmam Əliyə aid edilir və “Əli - əmir əl-möminin” kimi yazılır. Belə çıxır ki, “İl-Amurru” rəmzi altında “Əli – Əmir”, yəni şiələrin “Əli - əmir əl-möminin” rəmzi nəzərdə tutulur.
Lakim Əmir, Amurru rəmzləri eyni zamanda qədim Misirlə bağlıdır ki, “MR” rəmzi Misir piramidasını bildirirdi. Misirşünaslar “MR” rəmzini - “qalxma yeri”, “fironun göyə qalxması üçün metafizik odlu şar”, “Ba-nın qalxması”, “yaranış yeri və sonsuzluqda dirilmənin baş verdiyi İlkin dağ” və s. rəmzlərlə əlaqələndirirlər. Bütün bunlar Ra-Amon Allahının yaranışı və ərşə hakim olması ilə bağlı rəmzlərdir. “MR” rəmzi ilə bağlı olan və qədim Misirin digər adı sayılan Ta-Meri rəmzi isə - “Mer torpağı”, “sevimli torpaq”, “dirilmə torpağı”, “şumlanmış və qaldırılmış torpaq”, “İlahi kanallar torpağı” və s. kimi mənalandırılır. Lakin “mer” (piramida) rəmzi eyni zamanda “toxa” (bel, kətmən) işarəsi ilə də bağlıdır. Bu işarə toxa sözündən başqa “xenn”, “xennu” – nəyisə pozmaq, dəyişmək, çevirmək və s. kimi də mənalandırılır. “Xenn qayığı” isə, Torpaq açılandan və Osiris Allahını yeraltı dünyadan buraxdıqdan sonra göylərə aparmalı idi və s. (Алан Ф Эльфорд Путь Феникса. Тайны забытой цивилизации, «Земля Мер», http://www.universalinternetlibrary.ru/book/26498/ogl.shtml#t130). Əgər biz nəzərə alsaq ki, “xenn”, “xennu” (xanaan) rəmzi eyni zamanda Kənan/KiNun, yəni Allahın “Kün!” əmridir, razılaşarıq ki, burada söhbət - ilkin materiyanın “formasını” dəyişərək, ondan yaradılmış və göyə qaldırılmış torpaqdan gedir. Bu da bizim cənnət adlandırdığımız ruhlar dünyası mənasındadır. Qədim Misirdə, göydə yaradılmış bu torpaq Yuxarı Misir, yerdəki torpaq isə Aşağa Misir adlanırdı.
Bütün bunlar o deməkdir ki, Allahın “Kün!” əmri ilə ilk yaratdığı Adəm, göydəki ruhlar dünyasının insan simasında olan obrazıdır. Axırda gələcək Allah da, əvvəldəki Allahın yolunu getməli və o da öləndən sonra Atum Allahı (Adəm) kimi dirilməlidir. Ölüb-dirilən Allah kimi isə mənbələrdə Osiris, Attis, Adonis,Tammuz, Kibela, İsa və s. Allahlar göstərilir.
İsa peyğəmbərin “Kün!” əmri ilə yaradılması, yəni “İsaKün” rəmzi sufizmdə “Sakin” rəmzi kimi qeyd olunur və Allahın sakinliyi, Onun insanda və müəyyən bir varlıqda mövcudluğu anlamındadır. Tövratda “Sakin” rəmzi “Skiniya” kimi qeyd olunur və Musa peyğəmbərin İlahi oddan, yəni ilkin materiyadan Göydə yaratdığı çadır mənasındadır. Allahın sakin (Skiniya rəmzi) olduğu bu “Vəhy çadırı” Musa peyğəmbər tərəfindən “qalmaq” üçün yaradılmışdır. Deməli burada, “Vəhy çadırı” rəmzi altında kosmik insan nəzərdə tutulur ki, insan öləndən sonra onun ruhu, çadır rəmzində olan Adəmin (Allahın) “bədəninə” köçür.
Erməni mənbələrində “Sakin” rəmzi Sisakan kimi qeyd olunur ki, bu da “İssi-Kün!”, “İisus-Kün!” mənasındadır. M. Xorenatsi “Ermənistan tarixi” kitabında Sisakan (Sisaka) nəslini - Gel, Gelarküni nəsli hesab edir ki, bu da Qalileyli İsanın məhz Gelarkünidən olması deməkdir. Onun yazdığına görə, Ermənistanın birinci şahı Valarşak, Ermənistanın hökmranlığını məhz Sisakan nəslinə vermişdir (M. Xorenatsi, kit.1, böl.12). M. Xorenatsi bu nəsli böyük, adlı-sanlı tayfa kimi qeyd edir və bildirir ki, Alu, yəni Albanuya sahələri onlara vərəsəliklə verilmişdir. O məhz bu “əjdaha” nəslini - “qədim şah toxumu” və tacqoyan Baqarat, yəni Aratta bəgləri adlandırır. Bu isə o deməkdir ki, axırda gələn Allah da - ən qədim şahlar nəslindən olacaqdır.
Mən – “Армения навечно дана азербайджанским бекам” adlı məqalədə göstərmişəm ki, mənbələrdə Ermənistan deyəndə Alban dağlarının göylərində yaradılmış Ra-Amon Allahının ruhlar dünyası nəzərdə tutulmalıdır (sayt: http://gilarbey.blogspot.com/2013/08/blog-post_142.html). Digər tərəfdən, Albaniyanın da mənbələrdə Alu adlandırılması o deməkdir ki, Alu - yəhudilərin El Allahı və ifrat şiələrin də Allah kimi qəbul etdikləri İmam Əli obrazıdır. Bu obraz, axirətdə göydə yaranacaq yeni ruhlar dünyasının (El), yeni Adəmın (Atum Allahı) obrazıdır. Quranda, axirətdə, göydəki ruhlar dünyasının yenidən yaranması – “torpaqların dəyişdirilməsi” adlanır (Quran, 14:48). “Cənnət haqqında həqiqətlər və onun vərəsəliklə verilməsi” adlı məqalədə, mən bu haqda daha geniş məlumat vermişəm (sayt: http://gilarbek.blogspot.com/2013/03/cnnt-haqqnda-hqiqtlr-v-onun-vrslikl.html).
Yazdıqlarımdan çıxan nəticə isə odur ki, axirətdə Sisakan nəslindən doğulan insanda, qədim Misirin ilk fironu olan Amonun ruhu olacaqdır. Adi insan kimi doğulan və qədim sirləri bilən bu insan öləndən sonra, onun ruhu göylərə qalxıb, “Dünya”nın yaradıldığı vaxt göydə yaradılmış Ra diski ilə birləşəcək. Quranda bu birləşmə Günəşlə Ayın birləşməsi kimi qeyd olunur ki, bu da Günəş Allahı Rəhmanla, Ay Allahı Rəhimin birliyi mənasındadır (Quran, 75:9). Məhz bu vəhdətdən sonra göylərdə yeni Adəm, Atum Allahı yaranacaq və bundan sonrakı 2200 illik zamanın sahibi də Rəhim Allah olacaqdır.
Bütün bunlar haqqında daha geniş məlumat və təkzibolunmaz faktlar, müəllifi olduğum “Batini-Quran” kitabında və məqalələrimdə verilmişdir.
Firudin Gilar Bəg
www.gilarbeg.com