Ölümdən sonra həyat?


   İnsan yaranandan bu günə qədər onu düşündürən əsas problemlərdən biri, onun ölümündən sonrakı vəziyyətidir. Son dövrün araşdırmaları və klinik ölüm keçirmiş insanların başına gələn hadisələrin təhlili onu göstərir ki, insan ruhu, bədənin fiziki ölümündən sonra da fəaliyyət göstərir. Müqəddəs yazıların da verdiyi məlumata görə, insan öləndə onun ruhu ölmür və göyə qalxaraq orada yaşayır. Lakin əgər biz bu haqda dəqiq məlumatlar əldə etmək istəyiriksə, mütləq qədim mənbələrdəki yazıları diqqətlə öyrənməliyik. Cünki bu yazılarda ölümlə bağlı məlumatlar daha geniş verilmişdir.

Qədim dövrün məşhur filosofu Əflatun (Platon) özünün “Fedon” (110,111) əsərində, insan öləndən sonra, ruhunun o dünyaya düşüb orada yaşamasını reallıq kimi göstərir: “... Orada da insanlar yerdə yaşadıqları kimi yaşayırlar. Onların da orada öz məbədləri, müqəddəs yerləri var və onlar o dünyada (cənnətdə) dərdsiz-qəmsiz ömür sürürlər. O dünyadakılar yerdəki insanlarla yuxugörmə və s. telepatik yollarla əlaqə saxlayırlar və s.”. Qurana görə isə o dünyada möminlər üçün hətta şərab çayı, dadı dəyişməyən süd gölü var və burada bal kimi təmiz çaylar axır. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar. Bu dünyadakı həyat isə Quranda oyun və əyləncə adlandırılır (Quran, 4:57, 9:72, 47:15, 6:32). Qədim misir mənbələrinə görə də fironların ruhları o dünyada Allahdan hər şey alıb ömürlərini davam etdirirlər (A. Uollis Bac, “Yeqipedskaya kniqa myortvıx”, M-Spb, Eksmo, 2005, səh.214).

Sufilər dahisi ibn Ərəbi açıq bildirir ki, insan öldükdə yalnız onun cismi məhv olur, ruhunu isə Allah özünə götürüb, ruhlar dünyasında ona yer verir. Ərəbi xüsusi olaraq nəzərə çatdırır ki, ruhun Allaha qayıtmasını, Allah əvvəlcədən müəyyənləşdirmiş və onun qanununu yaratmışdır (İbn Arabi, “Qemma mudrosti” , böl.18,4, www.iph.ras.ru/~orient/win/publictn/bezels/ogl.htm). Əflatun bildirir ki, Allah insan nəsli yaratdıqdan sonra köməkçilərinə əmr edir ki, “onlara qida hazırlayın, qidalandırın, ölümündən sonra isə yenidən özünüzə qəbul edin” (Əflatun, “Timey”, 41B,D,C). Quranda (30:40) da Allahın insanı yaratması, ona ruzi verməsi, sonra öldürməsi və yenidən diriltməsi eynilə nəzərə çatdırılır. Belə çıxır ki, insan ruhunun Allaha qay ıtmasını Allah özü təşkil etmişdir.

Məhəmməd peyğəmbərə görə ölüm - dostu dostla birləşdirən körpüdür və dünya – kafirlər üçün cənnət, iman adamları üçün həbsxanadır. Məşhur sufi Qəzali qeyd edir ki, qabığın ölümü, insanın mahiyyətinin ölümü deyildir. Nə qədər ki, hissiyatı onunladır, onun haqqında deyirlər ki, o “bu dünyadadır”, onlar gedəndə və onun yalnız mahiyyət keyfiyyəti qalanda, deyirlər ki, o “o biri dünyaya köçdü”. Bu o deməkdir ki, ölüm, ruhun bir formadan digərinə keçməsidir.

Ruhun bir formadan digərinə keçməsini Ovidiy “Metamorfoza” adlandırır və eyni adlı kitabının başlanğıcında bildirir ki, məhz Allahlar ruhun yeni forma almasını təşkil etmişlər. Belə çıxır ki, insan öləndən sonra onun ruhunun məhv olmayaraq göyə qalxmasını Allah təşkil etmişdir.

Sufilikdə ruhun bir formadan digər formaya keçməsi dedikdə, ölən insanın ruhunun bədəndən çıxan anda quş rəmzində göylərə uçması nəzərdə tutulur. Qədim Misir mətnlərinin birində deyilir: “Bu gün insanların və Allahların sevinc günü idi, çünki “Allah gözəl tabutda yatdı” ki, sonradan yuxudan ayılıb Feniks quşu kimi göyə uçsun” (B. A. Turayev, “İstoriya drevneqo Vostoka”, L-1935, 2-ci cild, səh.225). Digər bir mətndə isə ölən firon haqqında bildirilir ki, o qırğı kimi enli sinəyə malik olur, onun qanadları qızılquşun qanadları kimi uzanır və hamı onun göyü keçib getməsinə baxır.

Digər misir mənbələrinin birində Ra-Amon (Ra-Əman) Allahı bildirir ki, öz xidmətçisinə istədiyi yerə quş kimi uçmağı verir, onun ruhunun parçalanmasına imkan verməyəcəyini bildirir. Müsəlman mənbələrində quş rəmzi – uzaq məsafələri qət edən və ehtiyacı olanlara yardım göstərən, mistik gücə malik Simurq quşu mənasındadır. Azərbaycan nağıllarına görə bu quşun vətəni Qaf (Qafqaz) dağıdır. Avestaya görə isə bu quş, dənizdə bitmiş mifik ağacda yaşayır. Erməni mifologiyasına görə Aragil ölkəsindəki insanlar ölüm vaxtı qanad geyərək Aragil hacıleylıyinə çevrilirlər və Ermənistana uçurlar.

“Piramida mətnləri”ndə ölənlərin ruhları mənasında olan bu quşların, budaqlarını əymiş hündür firon əncirinə qonması təsvir olunur. Qədim misirin “Ölülər kitabı”ndakı naxışda, ağacda boy atmış qadın ilahəsinin, əlində içməli və yeməli şeyləri ağacdakı ruhlara uzadması təsvir olunur (B. A. Turayev, “İstoriya drevneqo Vostoka”, L-1935, 1-ci cild, səh.189-191). Bu isə o deməkdir ki, ölənlərin ruhları o dünyada “dünya ağacı”nın (həyat ağacı) vasitəsi ilə qidalanırlar.

Qədim mənbələrdə ağac dedikdə göydə, yəni ilkin materiyada yaradılmış kosmik ağac nəzərdə tutulur ki, Əhdi-Ətiqdə (İez.31:3,4,7) bu ağac Misir adlandırılır. “Bxaqavad-Gita”ya görə də bu ağacın kökləri göydə, budaqları aşağada bitmişdir və bu ağacı dərk edən “Veda”nı dərk etmiş hesab olunur. Gilqamış dastanında da eyni mənalı sidr ağacı “həyat ağacı” adlandırılr. Ezoterik islamın məşhur şeyxi Şihabəddin Yəhya Sühravərdinin “Qırmızı intellekt” (“Əqli Sorx”) kitabında bu ağac Tuba adlandırır və bildirir ki, ilahi nur bu ağacdan axır. Eyni fikir Quranda da qeyd olunur. Burada bildirilir ki, Allah göyün və yerin nurudur və bu nur mübarək zeytun ağacından odlanır (Quran, 24:35). Buxarinin hədislərində bu ağac cənnətdə bitmiş elə nəhəng ağacdır ki, çapar onun kölgəsində yüz il getsə, yenə də bütün yolu gedə bilməz. Bütün bunlar o deməkdir ki, mənbələrdəki həyat ağacı göydə yaradılmış ruhlar dünyasının obrazıdır və ölmüş insanın ruhu bu ağacın gövdəsi vasitəsi ilə göyə qalxır və burada ömrünü quş rəmzində davam etdirir.

Quranda (17:13) da ruh quşa bənzədilir: “Biz hər bir insanın quşunu onun boynuna bərkitdik və qiyamət günü onun üçün qarşılayacağı geniş açılmış kitab çıxaracağıq”. Kitabi-Dədə Qorqudda Qazan xan «Tülü quşun yavrusu” adlandırılır və o özü bildirir ki, onun “Ağ sunqur quşu erkəyindən bir kökü vardır”. Bu kitabda ərənlər quş kimi təsvir olunurlar və onların bir yerə getmələri “qondu” sözü ilə ifadə olunur. Kitabdakı: “Əzrail göyərçin kimi quş olub uçdu”, “göy üzündən al qanadlı Əzrail uçub gəldi, köksünə basıb qondu”, “ağ saqqallı baban yeri uçmaq olsun”, “Qab qayalar başında yuva quran, Qadir ulu Tanrıya yaxın uçan”, “qanadların ucu qırılmasın” və s. bu tip ifadələr onu göstərir ki, burada söhbət əsasən ruhlar dünyasından gedir.

Ruhlar dünyası haqqında ən geniş məlumat isə təbii ki, qədim misir mətnlərində verilir. Bilavasitə ölənlərin ruhlarının o dünyadakı həyatına həsr olunmuş qədim misirin “Ölülər kitabı”nın CX (110-cu) bölümü, “Ölüm şahlığınıa giriş və çıxış” adlanır və burada bildirilir ki, “Dinclik (hüzur) sahələri” adlanan olan ölüm şahlığında əkin əkmə, məhsul yığma, susuzluğu dəf etmə, güc qazanma, cismani məhəbbətlə məşğul olma mümkündür və yerdə edilənlərinin hamısı orada da edilir (A. Uollis Bac, “Yeqipedskaya kniqa myortvıx”, M-Spb, Eksmo, 2005, səh.623, 524). Belə çıxır ki, “o dünya” adlandırılan ruhlar dünyası həqiqətən mövcuddur və bu haqda daha geniş məlumat almaq üçün məhz Misir mətnlərini öyrənmək lazımdır.

Qədim misir mətnlərində ruhlar dünyası eyni zamanda “Ürəklər evi” adlandırılır və ölən Allahdan xahiş edir ki, “mənim ürəyimi “ürəklər evi”ndə et” (A. Uollis Bac, “Yeqipedskaya kniqa myortvıx”, M-Spb, Eksmo, 2005, səh.755). Tanınmış sufi Bəhaullanın yazılarında “Ürəklər evi” – “Ürək şəhəri” kimi qeyd olunur və bildirilir ki, bu sufiliyin ən ali məqamı ilə bağlıdır və sufiliyin son vətənidir (Baxaulla, “Sem dolin” sayt: http://lib.ru/BAHAUL/sevenval.txt). Belə şıxır ki, qədim Misirin ölüm şahlığı sufiliklə yaradılmışdır.

Qədim yazılarda bildirilir ki, ilk əvvəl hər şey Amon Allahın ürəyində əmələ gəlmişdir, yəni Sia (İssi) ruhu tərəfindən düşünülmüşdür. Lakin maddi şəklə, o, bu adı səslə Xu (Hu) ifadə etdikdən sonra düşmüşdür. Misirşünas U. Bac yazır: “Totun sözləri və kahinin duaları insan bədənin mahiyyətinin “saxu”ya çevrilməsini məcbur edir və o göylərə qalxır. İnsan bədənində yaşayan ruh saxu-ya keçir və bu çürüməyən bədən göylərdə ruhun bədənini təşkil edir, necə ki, yerdə fiziki bədən ruhun yerdəki evidir” (U. Bac, “Yeqipetskaya reliqiya, Yeqipetskaya maqiya”, M., 2000, səh.143). Bu o deməkdir ki, insan ruhunun göyə qalxması, magiya ilə, ritualla müəyyənləşdirilmişdir.

Sufilikdə Hu (Xu) rəmzi Allah mənasında işlənsə də bəşəriyyətin yaranışına səbəb olan və yer kürəsini əhatə edən ilkin materiya mənasındadır. İnsan doğulanda bu nurun bir “damla”sı insan bədəninə düşür və ona həyat verir. Mətnlərə görə Hu insandan ayrıla bilir, istədiyi yerə gedə bilir və s. Əgər Ra-Amon Allahına qədər qədim insan öləndə onun ruhu da parçalanıb məhv olurdusa, Amon Allahının, onu söz, fikir və magik rituallar vasitəsi ilə ürəkdə (Ab) formalaşdırdıqdan sonra ruh parçalanmır, ürəkdə toplanır və kəpənəyin pup halında öz qabığından, quşun isə yumurtasındandan çıxdığı kimi ürəkdən çıxır. Ürəkdə (Ab) yerləşən Ba ruhu dedikdə isə, insanın həyatı boyu topladığı elm və yaddaşı nəzərdə tutulur. “Ölülər kitabı”nın mətnlərinin birində ölən Allahdan xahiş edir ki, O ona ürəkdəki Ba ruhunu və mənəvi Xu (Hu) ruhunu saxlamaqda kömək etsin (A. Uollis Bac, “Yeqipedskaya kniqa myortvıx”, M-Spb, Eksmo, 2005, səh.352,215,216,274).

«Piramida mətnləri”nə görə, qədim şahlıqda Ba – Allahların və fironların malik olduğu güc və qüdrət təcəssümüdür. Əlləri və başı insanınkı kimi təsvir edilən Ba quşu, insan öləndən sonra da yaşamağa davam edir və mətnlərdə Ba-Allahı (islamda Vallah) adlandırılır.

Yazdıqlarımızdan belə çıxır ki, saxu, yəni mənbələrdəki sak (skif) rəmzi, yeni forma alaraq göyə qalxmış ruhun rəmzidir. Baxu, yəni ilkin materiya (Hu/Xu) ilə birləşmiş Ba (ağıl, yaddaş) ruhu isə mətnlərdə Amon Allahına və onun göydə yaratdığı Misir torpağına aid edilir. Sufilikdə Baxu rəmzi Bəqa (bəg) səviyyəsini, mənbələrdə isə Boq/Baqa kimi yazılaraq Allahı bildirir. Lakin Misir dilçiliyində və sufilikdə Bəqa [BQ] rəmzi eyni zamanda Qeba [QB] kimi də oxunur ki, bu da qədim Misirdə göydə yaradılmış Qeb torpağı (islamda Qeyb) mənasındadır. Əgər nəzərə alsaq ki, Bəqa - sufilikdə ilkin materiya ilə vəhdəti, yəni Allaha qovuşmanı bildirir, razılaşarıq ki, Qeb/Qeba aləmi sufi məqamlığı ilə, yəni ekstatik vəziyyətlə yaradılmışdır.

Dünyanın yaradılışının Geliopol variantına görə, göydə yaradılmış ruhlar dünyası, bir-birini əvəzləyən yaranışlarla törənmişdir. İlkin Nun sularındakı təpəyə əvvəl “hər şey” mənasını verən Atum Allahı yüksəlmişdir. O Özündən Şu və Tefnut cütlüyünü, yəni hava və nəmlik rəmzli obrazlarını yaradır. Bunlardan Qeb və Nut, yəni göydəki Qeyb aləmi və sistemləşdirilmiş yeni Göy yaradılır. Amon Allahının ruhu mənasında olan Şu “qalxaraq” göyü qaldırır və Qeb torpağından ayırır. Qeb və Nut öz növbəsində Oziri (Osiris), İsida, Set və Neftidanı yaradırlar. Beləliklə, ümumilikdə Atum adlanan Allah yaranır ki, onun ürək və dili isə mənbələrdə Yafət (Apet) kimi qeyd olunun Ptah (Pta) Allahıdır. İlkin materiyanın, yəni efirin qanunlarına görə, burada bir şey yaratmaq üçün söz, fikir və əməldən (magik ritual) istifadə etmək lazımdır. Buna görə də Amon Allahı özünü Ptah, yəni Fateh adlandıraraq, “ürəyində əmələ gəlmiş fikri sözlə ifadə edərək” milyonlarla qurban ruhlarının göydə toplanması hesabına göydə yaradılanları yaratmışdır. Bu yaradılışın elmi izahı, müəllifi olduğum “Batini-Quran” kitabında dərk edilən formada verilmişdir.

Quranda da Ra-Əmanın, yəni Rəhmanın ilkin materiyadan Nut göyünü sistemləşdirməsi və və onu qaldırıb saxlaması, göydə Qeb torpağını, yəni Qeyb aləmini, dağları yaratması qeyd olunmuşdur (Quran, 4:154, 5:21, 7:171, 21:30-34, 22:65, 35:41, 43:11). Qədim misir mətnlərinə görə göydəki ruhlar evini eyni zamanda Nu Allahının ruhu tikmişdir və o buradakı sahələrdə buğda səpir, şum vurur və s. Tövrata görə bu yaradılış və sistemləşmə yeddi “günə”, yəni yeddi zaman surəsinə baş vermişdir (Bibl, Bıt.1, 2:3).

İlkin materiya bütün qədim mənbələrdə ilahi odla assosiasiya olunur ki, Qurana görə də bu od Kəbə kimi qeyd olunan Qeba evinin içində yaradılmışdır və Allah bu evi İbrahim üçün sərin, zərərsiz ölkəyə çevrilmişdir (Quran, 37:97, 2:125-127, 21:69). İbrahim peyğəmbər tərəfindən göydə yaradılmış və cənnətə çevrilmiş bu bina onun nəslinə verilmişdir (Quran, 10:93, 2:22, 4:54, 66:11). İbn Ərəbiyə görə isə İslam dini də İbrahim oğullarına vəsiyyət edilmişdir və İbrahim “müsəlman olaraq ölməyi” məsləhət bilir: “Çünki bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur” (İbn Arabi, “Qemma mudrosti” , böl. 8). Belə çıxır ki, Kəbə evi elə cənnət rəmzində ruhlar dünyasıdır və müsəlman öldüyü zaman Allahın qoyduğu qanuna tabe olur. Allah da Özünün qoyduğu bu qanuna tabe olanları Öz dünyasında qəbul edir.

Tövratda, İbrahimin, İsağın ölümü ilə bağlı bildirilir ki, İbrahim “... öldü və öl elinə qovuşdu...” (Bibl. Bıt.35:29). İbrahimin öz elinə qovuşması o deməkdir ki, göydəki ruhlar dünyası onun elidir. İncilə görı isə ölənin ruhu mələklər tərəfindən “İbrahimin qucağı” adlandırılan yerə aparılır və burada İbrahim özü Allah rolunda onu sorğu-sual edir (Luka, 16:22-25). Qədim misir mətnlərinə görə isə ölmüş insanın ruhu Osiris Allahının hüzurunda, 42 Allahın iştirakı ilə sorğu-sual edilir və bundan sonra onun taleyi həll olunur.

“Ölülər kitabı”nın 125-ci bölümündə bildirilir ki, ölənin ruhu Ölüm şahlığını hakimi Osirisə (Oziri/Azər) müraciət edərək deyir: “... Mən səni tanıyıram. Mən, iki tərəfli həqiqət zalında olan, orada yaşayan və imtahan günü öz fəaliyyətləri haqda Yaxşının simasının qarşısında imtahan verən, pislərdən gözləyən və onların qanları ilə dolanan 42 Allahı tanıyıram... Budur mən Sənin yanına gəlmişəm. Mən sənə həqiqəti gətirmişəm. Mən yalanın Sənə yaxınlaşmasına imkan verməmişəm; mən insanlara qarşı yalan etməmişəm; ləyaqətsizlik bilməmişəm; yamanlıq etməmişəm və s”. Ölənin ruhu inandırmağa çalışır ki, mən şahımı, atamı, Allahı məyus etməmişəm, boş danışmamışam və s. Bundan sonra tərəzinin bir gözünə ölənin həyat fəaliyyətinin və mənəviyyatının rəmzi olan ürəyi, digər gözünə isə həqiqət (Maat) rəmzi olam lələy qoyulur (B. A. Turayev, “İstoriya drevneqo Vostoka”, L-1935, 1-ci cild, səh. 283). Ağır cinayətlər etmiş insanın ruhları isə, elə məhkəmə zalında, timsah rəmzində olan Sebek Allahı tərəfindən birdəfəlik məhv edilir. Quranda (55:7-9, 7:8,9, 57:25) da ölüm şahlığındakı məhkəmə, tərəzi haqqında məlumatlar verilir və s.

Yazdıqlarımızdan belə çıxır ki, insan öləndə, onun ruhu ölmür və quş kimi uçaraq, Allahın göydə ruhlar üçün yaratdığı ölüm şahlığına köçür. Ağlını və yaddaşını özündə saxlayan ruh burada minilliklər boyu xoşbəxt yaşayır və yerdəki törəmələri ilə də əlaqə saxlaya bilir. Bütün bunlar haqqında daha geniş və təkzibolunmaz faktlar müəllifi olduğum “Batini-Quran” kitabında verilmişdir” (www.gilarbeg.com).

Firudin Gilar Bəg