Muğam – peyğəmbərin «merac» məqamıdır

       

          Görkəmli musiqişünas Ramiz Zöhrabov, özünün «Muğam» kitabında muğam tarixinə nəzər salmaqla, insanlarda onun haqqında geniş təsəvvür yaratmağa nail olmuşdur. Onun kitabında fikrimi cəlb edən əsas fakt isə Ramiz Zöhrabovun, ən qədim muğam olan Rast haqqında, XVII əsr musiqi nəzəriyyəçisi Dərviş Əlidən gətirdiyi sitatdır. Dərviş Əlinin yazdığına görə Rast – «Adəmin dövründən bizə gəlib çatmış və hər şeydən əlini üzmüş ən birinci insanın cənnət haqqında naləsini təşkil edir» (Ramiz Zöhrabov Muğam, B.1991, səh.103,104). Belə çıxır ki, Rast muğamı Adəmlə bir yaşdadır və insan yaranan kimi belə bir kamil musiqi yaratmışdır. Lakin sadə məntiqə görə, adi insanın yarandığı dövrdə belə bir kamil musiqi növü yaratmaq qüdrətində olması mümkün deyil. Deməli, burada daha gizli məqamlar mövcuddur ki, biz də onları açmağa çalışacağıq.
Muğam sözü sufilərin məqam sözüdür ki, bu da Allahın dərkində həqiqətə aparan yolun, yəni kamillik silsiləsinin pillələridir. Məhəmməd peyğəmbər hədislərin birində deyir: «Şəriət - mənim sözlərim, təriqət – mənim əməlim, həqiqət isə mənim daxili vəziyətimdir». Sufilikdə tam kamilliyə çatmaq, yəni ilkin materiyaya - Allaha qovuşmaq üçün mürid şəriətdən həqiqətə qədər olan mərhələni, yəni silsiləni dəf etməlidir. Təriqət yolu sufilikdə tərikə (ət-təriq) adlanır ki, türk və türkü (mahnı) sözləri də buradan yaranmışdır. Əgər şəriət rituala hazırlıqdırsa, təriqət – müridin, şamanın ekstatik vəziyyətə daxil olmasıdır. Ən son mərhələ isə həqiqətə, yəni Haqqa - Allaha çatmaq, ona qovuşmaqdır. Digər tərəfdən şəriət, təriqət, həqiqət rəmzləri – söz, əməl, fikir mənasında, zərdüştilikdə bu üçlük vasitəsi ilə yaradılmış mistik varlıq deməkdir.

Sufilikdə məqam, yəni tərikə, sufinin kamillik yolunda mərəhələlərlə qalxdığı pillədir ki, buna «mənzil» də deyilir. Sufilər dahisi Qəzali kamilliyin artım mərhələsindəki pilləni, yəni mənzili bilavasitə «makamat» adlandırır. Xucviriyə görə, «məqam» peyğəmbərin həmişə dayandığı «mənzildir»sə, müqəddəsin qısa müddətli yüksəldiyi «mənzil» - «hal» adlanır. Araşdırıcı Naumkin yazır ki, «hal» - yüzilliklər boyu insanın, ən yüksək ekstatik səviyyə olan «Allahın sakinliyini» hiss etməsidir: «keyfiyyət məqam adlanır, o möhkəmlənəndən sonra isə «hal» olur».

Tərikə yolunu tutmuş türük (türk), yəni sufi müridi məqam zamanı - ekstaz vəziyyətində nurlanma, aydınlaşma (kəşf) səviyyəsinə çatır. Əl-Ərəbi yazır: «Ekstaz – pərdənin götürülməsi, tamaşa edənin seyri, dərk olunma, qaibin tamaşası, gizli ilə söhbət və itirilmişlə dostluq və bu sənin özünün «itirilmən» mənasındadır». Məhşur mistik Bahaullanın «Yeddi vadi» kitabına görə, insan ruhunun cismindən göy dünyasına qədər etdiyi səyahət, yəni məqam yeddidir (göyün yeddi qatı) ki, bəziləri bunu yeddi vadi, bəziləri isə yeddi şəhər adlandırır. Birinci vadi «Axtarış vadisi»dir ki, burada sufi dözümlülük nümayiş etdirməlidir. Ikinci vadi «Məhəbbət vadisi»dir ki, burada o məhəbbət alovuna düşüb əzab çəkir. Allahın «Yar» olduğu mürid bu pilləkəni keçdikdən sonra «Dərketmə vadisi»nə daxil olur. Burada onun «daxili gözü», yəni ruhunun gözü açılır və o bu «gözlə» yaradılışın sirlərini dərk etməyə başlayır. Sufilikdə «gözünü yum ki, görəsən» deyimi, onların məhz ruhun gözü ilə görməsi mənasındadır. Buranı keçən səyyah «Birləşmə vadisi»nə daxil olur və o Allahın gözü ilə görür, qulağı ilə eşidir. O «dostunun» (Allahın) məbədgahına daxil olaraq istəkli sirdaş kimi çadırı öz sevgilisi (Allahla) ilə bölür. Beşinci vadi «Məmnunluq vadisi»dir ki, burada səyyah ehtiras örtüyünü yandırır, daxili və zahiri gözü ilə hər şeyinin daxili və xaricini dərk edir. Buranı keçən səyyah «Təəcüb vadisi» olan böyüklük okeanına daxil olur və hər an onun təəcübü artır. Nəhayət, «təəcübün» dağlı təpələrinə qalxdıqdan sonra səyyah, «Əsil miskinlik və tam yox olma vadisi»nə qədəm qoyur. Bu «mənzildə», yəni pillədə şəxsiyət tam yoxa çıxır və o Allah dərgahına qədəm qoyur. Həqiqi sevənin və yaxın dostun öz sevgilisinə çatması kifayətdir ki, Sevgilinin gözəlliyinin qığılcımı və sevən ürəyin alovu alışıb, bütün pərdəni və örtüyü yandırsın. Bu tam yox olma «mənzilində», səyahətçiyə təsir edən bütün şeylər yox olur və əbədiyyət üfüqündə qaranlıqdan İlahi Sifət qalxır. Ən yüksək mərhələyə çatıb, qüdrətli pilləkənə yaxınlaşanda və Sevgilini görəndə hər şey yaddan çıxır. Bu şəhərdə artıq insanı İlahi şəfəq öz ağuşuna alır və s. Bu vadi «Mahmud məqamı» (Məhəmməd – F. G. B.), yəni «Təriflənmiş mənzil» (pillə) adlanır. Ərəb dilində «tərif söyləmək», yəni Mahmud, Əhməd və Mühəmməd sözləri eynidir ki, burada Mahmud sözü həm Allahın adlarından biri və həm də Məhəmməd peyğəmbərin ləğəblərindən biridir. «Mahmud məqamı» pilləsi (mənzili) ümumiyyətlə Bahaullaya görə peyğəmbər və böyük dayaq mənasındadır.

Mütləq reallıq olan Həqiqət, yəni «Əsil miskinlik və tam yox olma vadisi» özlüyündə iki fazadan – fəna (itirilmə) və bəqa (baka), yəni bəglikdən (əbədi mövcudluq) ibarətdir. Fəna fazasında, mürid özü özünün bu dünyadakı mövcudluğunu hiss edərək, Allaha, yəni ilahi mühitə qovuşur. Bəqa fazasında, yəni bəglik səviyyəsində isə o əbədi Allahda olur. Bu səviyyədə artıq sufi ilə Allah arasında heç bir maneə olmur. O ilkin materiyanı idarə etmək, onu istədiyi varlığa vermək, varlıqlardan, onun daxili strukturu haqqında informasiya almaq, istədiyi şeyi yaratmaq üçün vacib olan üsulu tam dərk etmək və s. İlahi qüdrətə sahib olur. Deməli, iranlıların Allah mənasını verən «baqa», rusların isə «boq» sözləri məhz sufilərin bəg sözüdür ki, bu da səbəblər səbəbi olan ilkin materiyaya qovuşmaq mənasındadır. Sufinin bu vəziyyəti «İlahinin sakinliyi» (Allahın iştirakı) adlanır. «Sakin» simvolu Tövratda «Skiniya» kimi qeyd olunursa, erməni mənbələrində bu simvol «İssi Ağa» - «Ağa ruhu» mənasında Sisaka/sisakan kimi yazılır ki, muğamın «Üşşaq» («saqinamə») bölməsinin adı da məhz buradan götürülmüşdür. Quranda «sakin dayanmaq» - qulaq asmaq dedikdə, ruhun - ilkin materiyanın «səsinə» qulaq asması nəzərdə tutulur.

Mütəxəssislərin sözlərinə görə müridlə, yəni tərikə yolunu gedən türkün – muradla - Allahla görüşü qeyri iradi aktdır və mənəviyyata aid olduğu üçün ürəklə bağlıdır. Sufilikdə qeyri iradilik həm «dəl» adlanan bu ürəyə və həm də «əmr edən ruha» (nəfsi əmmar) aiddir.

Fəna fazasına (fəna fiş-şeyx) qədəm qoymuş sufi, kamil iradəsi (iradat) və məhəbbətinə (eşq) görə ustadına, yəni Allaha tam cəzb olunur. O, Allahla iradələrinin (istəklərinin) birləşməsinə görə Allahın varlığında yox olur və hər yerdə ancaq onu görür. Sufilərdə sevgili, yəni Allahı, Məhəmməd peyğəmbəri sevmək, onlara böyük hörmət mənasındadır. Sufilərin çoxu özlərini «sevgili» (mühibb, aşiq) və ya «yar», «dost» adlandırırdılar. Ustada, yəni Allaha bu qeyri iradi sevgi – sufilərdə ilahi vergi sayılan ürəylə («dəl») bağlıdır. Sufiliyin bu məqamında məhəbbətin gücü o dərəcədə vacibdir ki, ustad çox vaxt «ürək dostu» («sahibdil», «əhli-dil») və s. adlandırılır.

Qeyd etmək lazımdır ki, Kitabi Dədə Qorqudda və s. yazılarda qəhrəmanların dəli adlandırılması, onların sufi müridləri olması mənasındadır. Dəli sözü Əl Əndəlusinin lüğətində «məcnun» kimi tərcümə olunmuşdur. Qəbul olunmuş məntiqə görə qədim mənbələrdə məcnun, «cinlərlə əlaqəyə girmiş», yəni magiya ilə məşğul olanlara deyilirdi. Daha sonralar «Allaha səyahət» edən bütün maqlar məcnun adlanmağa başladı. Bildirmək istərdik ki, «müğənni» sözü sufilikdə «muğ» və «nun» rəmzlərindən yaranmışdır ki, bu da «Nun» - ilkin materiya səhrasında səyahət edən «maq» deməkdir. Məcnunun səhrada Leylini axtarması, göydəki «vilayətdən», yəni cənnətindən (qadın rəmzi) ayrı düşən maqın - axirətdə gələcək Məsih obrazının axirətdə, sufi məqamlarını keçərək ilkin materiyaya səyahət edib Allahı axtarması, onu dərk etməyə çalışması mənasındadır. Qeyd edək ki sufilikdə, «G/Ğ» rəmzinin «C» rəmzi ilə eyni fikir ifadə etməsinə görə, «məcnun» [MCNN] və «müğənni» [MĞNN] rəmzləri eyni mənalı hesab olunur.

Digər tərəfdən sufilikdə təriqət (tərikə) rəmzi, yəni kamillik yolu, səyahət mənasını verən «suluq» rəmzi ilə eyni mənalıdır ki, bu yolun yolçusuna da «saleh» deyirlər. Suluq - səyahət (yəhudilərdə «salxa») simvolu haqqında (ərəbcə «seyr və suluq») Nəsəfi yazır: «Bil ki, suluq [sözü] ərəb dilində ümumilikdə dolaşma, gəzmə mənasını bildirir ki, burada səyyah, xarici dünyada dolaşanla bərabər, daxili dünyada dolaşanlar da ola bilər. Təsəvvüf elminin tərəfdarlarına, yəni sufilərə görə, suluq rəmzi xüsusi dolaşma mənasındadır – bu Allaha səyahət və Allahda səyahət deməkdir». Deməli, dini kamilləşmə (tərikə) yolu ilə gedən türk, elə «ekstaz» vəziyyətində cənnətdə səyahət edən «saleh»dir ki, buna Allaha səyahət və Allahda səyahət deyirlər.

Yazılanlardan belə çıxır ki, daxili vəziyyəti həqiqət olan Məhəmməd peyğəmbərin obrazı da sufi obrazıdır. Dini inama görə Məhəmməd peyğəmbər Merac gecəsi səmaya «səyahətə» çıxmış, oradan isə «nur pilləkanı» ilə (bəzən «pilləkan gecəsi» də adlanır) qalxaraq Allahla «görüşüb söhbət etmişdir». Peyğəmbərin Allahla görüşməsi, onun bəglik pilləsinə qalxması mənasındadır. Sufilikdə Məhəmməd sözü «Məqam» və «Mad» rəmzlərindən ibarətdir ki, islamda «qayıdış» mənasını verən Mada/Maad/Miad sözü gələcək həyat mənasında, məhkəmədən sonrakı gün deməkdir. Bu adın Mahmud, Əhməd adlarla eyniliyi və Qurandakı Allah Nurunun Məhəmməd peyğəmbərə də verilməsi («Nur Məhəmmədi») və İbn Ərəbinin İlahi od sayılan «nur»u «Həqiqə Məhəmmədiyyə» (Haqq Məhəmməd) ilə əlaqələndirməsi onu göstərir ki, Məhəmməd peyğəmbər adi insan yox, Kosmik İnsan olan və Allahın funksiyasını daşıyan bir Varlıqdır.

Sufi məntiqinə görə Allahın dərki, yalnız «məqam»ları keçdikdən sonra mümkündür. İnsanların Allahı dərk etməsinin əsas maneələrindən biri Qurandakı «Allah təkdir, əbədidir, doğmamış, doğulmamışdır və ona bir dənə də tay olmamışdır» ifadəsidir ki, bu rəmzin kökünə biz qədim Misir yazılarında rast gələ bilərik: «Ən birinci yaranan və mənası heç kim tərəfindən dərk edilməyən Amon. Ondan qabaq və onunla bir vaxtda heç bir Allah olmamışdır. Onun, ona ad verməli olan nə anası, nə də «mən yaratdım» deyə bilən atası olmamışdır. Bütün Allahlar, o öz-özünü yaratdıqdan sonra yaranmışlar». Digər yerdə isə bildirilir ki, Allah ata və anadır, atalar atası və analar anasıdır. O doğur, lakin doğulmamışdır; O yaradır, lakin yaradılmamışdır; O özünü doğmuş və özünü yaratmışdır. O törədir, lakin törənməmişdir. O öz simasını törətmiş, öz bədəninin heykəltəraşıdır. Allah kainatı və onda olan hər şeyi yaratdı. O, dünyada olub, olan və olacaq hər bir şeyin yaradıcısıdır. O, dünyanın yaradıcısı, hələ heç bir başlanğıc olmamış ona öz əlləri ilə ilk forma verəndir; ondan çıxan dünyanı bərqərar etmişdir və s. Belə çıxır ki, Quranda Allah dedikdə, qədim Misirdə Allahların atası olan və «öz adını gizləyən» Amon kimi tanınan Əman Allahı nəzərdə tutulur ki, ilk dəfə məhz O Abidos (Abtu/Beyt) şəhərində «məqam»ları keçərək tam kamilliyə çatmış və ilkin materiyanı özünə tabe edərək Bəgə (Baqa/Boq), yəni Allaha çevrilmişdir. Əman Allahının digər obrazı olan Musa peyğəmbərin 40 il «səhrada» məcnunluq etdikdən sonra, göydən «ilahi od» - «nur» gətirməsi və onun Midiya maqı olması haqqında biz «Batini – Quran» və s. kitablarımızda yazmışıq.

Bütün bunlar o deməkdir ki, muğamda Əman-Əman dedikdə, bilavasitə Azərbaycan pirlərinin, yəni fironlar nəslinin cəddi (əcdadı) olan Əman Allah nəzərdə tutulmalıdır ki, məhz O, ilkin materiyaya etdiyi «səyahət» nəticəsində insanlara göydən ilahi nur gətirmişdir. Qeyd etdiyimiz «Yar» sözü isə, qədim Misirdə günəş mənasını verən Ra sözüdür ki, dilimizdəki «ər», «ərən» sözləri buradan qalmışdır. Deməli, «Yar Əman Əman» dedikdə Ra-Amon Allahı çağrılır ki, Quranda bu ad «Rəhman» (RaƏman) kimi qalmışdır.
Türklərdə mahnı mənasını verən mani sözü də bilavasitə Əman adının variantıdır. Digər tərəfdən türklər mahnıya «şarkı», yəni «şərq» deyirlər ki, dahi azərbaycan filosofu Şihabəddin Yəhya Sühravərdi özünün «Şərq» fəlsəfəsini məhz bu «Şərq»in axtarışına həsr etmişdir. Burada söhbət coğrafi Şərqdən yox, metafizik şərqdən, Ruhun şərqindən gedir ki, bu Şərq, yerin yeddi tərəfinin heç birinə daxil deyil. Və, bu «səkkizinci tərəfin» axtarış istiqaməti horizontal yox, vertikal istiqamətdədir. Bu mistik, duyğu orqanlarından yüksəkdə olan Şərqdir, Yaranış və Qayıdış yeri, əbədi axtarışın məqsədi, həqiqətdə də elə göy qütbüdür: bu qütb o dərəcədə kənardır ki, onu kənar ölçü məkanı adlandırmaq olar. Deməli, qədimdə musiqi də, «məqam» vasitəsi ilə Allahın göydə yaratdığı ruhlar dünyasına, yəni cənnətə aiddir.

Muğam ifaçılarının üçlüyü qədim rəmzlərlə əlaqəlidir ki, qədim şəkillərdə göydə üç rəmz: günəş, ay və səkkizbucaqlı (günəş) işarəsi təsvir olunur. Burada səkkizbucaqlı işarəsi iki dünyanın yaradıcısı (atası) timsalında «Dədə» mənasında Əman Allahının rəmzidir ki, muğamda bu simvol «Dad Əman» kimi səslənir. Əsas aparıcı olan tar -günəşin, kaman – ayın, müğənni isə Əman Allahının rəmzidir. Çünki Əman Allah, göydəki ruhlar dünyasını, yəni Sühravərdinin «şərq» adlandırdığı cənnəti günəş və ayın «köməyi» ilə yaratmışdır. Gecələr günəş yeri ay vasitəsi ilə işıqlandırdığına görə, burada kaman ay rəmzində günəşin əks-sədası mənasındadır. Müğənninin əlindəki dəf, Əman Allahın əvvəlcədən göydə, ilkin materiyadan yaratdığı «günəş diskinin» rəmzidir ki, Əman öldükdən sonra, onun ruhu göyə qalxıb, əvvəlcədən yaratdığı bu disklə birləşmiş və kamil bir varlığa, yəni Allaha çevrilmişdir. Deməli, əlində dəf olan müğənni bilavasitə Ra-Amon, yəni rəmzlərlə Rəhman Allah deməkdir. Allah Əman məhz bu Ra adlanan disk vasitəsi ilə ilkin materiyanı idarə edərək istədiyini yaratmaq, istədiyini öldürmək qüdrətinə malikdir.

Əmanın səslə oxuması rəmzi, qədim mənbələrdə, kainatın ilkin materiyasında, onun dövrünə qədər, yəni milyard illər sürən ilahi sükutu pozması kimi göstərilir ki, bu rəmz «Qaqatun» quşunun sübh sakitliyini pozması rəmzi ilə eyniləşdirilir. Sadə dildə desək, necə ki, bu quş sübh tezdən oxuyaraq uzunmüddətli sükutu pozur, Əman Allah da, ilkin materiyanın milyard illik «sükut»unu pozaraq, səs-söz vasitəsi ilə ilk dəfə ilkin materiyadan Atum Allahını (Adəm rəmzi) yaratmışdır. Məhz bu «səsin», yəni sözün hesabına Azəri müqəddəsləri (pir, bəg, şıx, seyid və s.) sözlə varlıqlara fiziki təsir etmək qüdrətinə malik olmuşdular.

Digər tərəfdən, qeyd etmək vacibdir ki, Quran, Tövrat, İncil və s. bütün müqəddəs yazıların zahiri mənasından başqa batini, yəni gizli mənası da var ki, yalnız bu iki mənanı birləşdirdikdən sonra bu kitabda yazılanların əsil mənasını dərk etmək mümkündür. Bu məntiqə bütün qədim şairlər son yüzilliklərə qədər riayət etmişlər. Deməli, müğənninin oxuduğu qəzəlin də əsil mənasını başa düşmük üçün qədim sirləri bilmək lazımdır. Füzuli, Nəsimi, Xətayi və s. kimi dahilərin də şer və qəzəlləri bu sirli üslubda yazılmışdır ki, əsil muğamın sözləri də məhz bu məntiqlə yazılmış qəzəllərdən olmalıdır. Qadına olan sevgi sufilərdə, bütün canlıların malik olduğu «heyvani qüvvə» (ehtiras qüvvəsi) nəfsinə aid olduğu üçün, onu dilə gətirmək əskiklik sayılır. Deməli, qadın rəmzi altında qədim sufilər ruh və bu ruhdan yaradılmış «vilayət», yəni cənnət (Ana torpaq, Ana vətən) nəzərdə tuturmuşlar.

Bütün bunlar o deməkdir ki, muğamat, həqiqətən də Əman (Amon) Allahının yaratdığı ilk peyğəmbər Adəmin «səyahət» etdiyi cənnətlə əlaqəlidir. Muğamatın şöbələri də bu məqamların pillələri mənasındadır ki, müxtəlif sufi ordenlərində məqamların sayı müxtəlifdir. Ümumiyyətlə, buradakı bütün rəqəmlər rəmzlərdir və hamısı da müəyyən prosesin, ritualın mərhələləri ilə bağlıdır. Belə çıxır ki, hər bir muğam özlüyündə «cənnətin», yəni ruhlar dünyasının yaradılmasında keçirilən müxtəlif ritualların yada salınması və təsəvvür olunmasıdır və s.

Firudin Gilar Bəg
firudin@gilarbeg.com