Bu yaxınlarda Güntay Gəncalpın, Şah İsmayıl və ümumiyyətlə tariximizlə bağlı müsahibəsini oxudum. Bunun və bunun kimi düşünən insanların yazılarına cavab olaraq mən bir dəfə - “Həqiqət bir gizli sirdir...” adlı məqalə yazmışdım və bildirmişdim ki, qədim yazılar rəmzlərlə yazılıb və onlara elmi izah vermək üçün rəmzlər dilini bilmək lazımdır. Yalnız rəmzlər dilini bilənlər, mənbələrə tam elmi izah verə bilər. Güntay kimilər isə, sufilərin gizli elmini bilmədikləri üçün belə şeylər yazmamalıdırlar. Mən Güntay Gəncalpa FB-da məktub yazıb, ondan, müqəddəs əcdadlarımız haqda acı sözlər yazmamasını xahiş etdim. Lakin bu insan bir müddət danışmasa da, indi yenə əcdadlarımız haqqında mənfi fikirlər söyləməyə başlayıb (http://virtualaz.org/reyler/4716 ). Şərq insanını yalançı, uydurmaçı adlandıran Güntay, qərbliləri yaradıcı, reformator kimi göstərir və özünü də analiz etmə qabiliyyəti olan bir ağıllı adam kimi qələmə verməyə çalışır. Şah İsmayılın və onun ordusunun adam əti yeməyini xüsusi vurğulayan Güntaya görə, bütün mənbələrdə ulu əcdadımız hannibal kimi göstərilməlidir. Bu müsahibədən isə mən belə nəticə çıxardım ki, bu insana qəti bir cavab verilməsə, bu bizim təfəkkürlərimizdə də bir “erməni problemi” yaradacaq. Bu isə, torpaqları əldən getmiş elimiz üçün daha acınacaqlı sonluq vəd edir.
Şah İsmayıl Xətai haqqında yazmaq üçün ilk növbədə o dövrün insanlarının məntiqinə, dünya görüşünə diqqətlə nəzər salmaq lazımdır. Mənbələrdə Şah İsmayıl Xətai - Mehdi rolunda göstərilir və onun döyüşçüləri “sorxsər bidin mülhidləri” adlandırılır. “Bidin mülhidləri” dedikdə, sufilərin batini cərəyanı və onların göydəki Mələküt aləminin mələkləri mənasında olan əzraillər nəzərdə tutulur. Şah İsmayılın da sufi piri olmasını nəzərə alsaq razılaşarıq ki, burada söhbət, qədim yazıların gizli mənalarını dərk edən batinilərdən, yəni Azəri müqəddəsləri olan pir, seyid, bəg və şıxlardan gedir. Bu isə o deməkdir ki, biz qədim yazıların birbaşa mənalarını yox, batini, yəni gizli mənalarının elmi izahını verməliyik. Bu gizli mənalar adi insanlar üçün çətin dərk edilən olsa da, həqiqətin açılması naminə biz qədim sirlərə aydınlıq gətirməyə çalışmalıyıq.
Sufizmdə, yəni Süleyman peyğəmbərin quş dilində, “adam (əti) yemək” rəmzi - bir insanı öldürmək, onun ruhunu bədənindən ayırmaq mənasındadır. Bu rəmzə ilk dəfə qədim Misir mətnlərində rast gəlinir. Misir mətnlərinin birində yazılır: “Pəncərədən atılan qarmaqla küçədən keçənlər tutulur və içəri çəkilir, sonra isə öldürülüb, onlardan yemək hazırlanırdı... İnsan əti yemək adi hala çevrildi. Valideynlər öz uşaqlarını öldürüb yeyirdilər, qadına rast gəlmək olurdu ki, öz ərinin bədənini çiy halda yemişdi. Çağadan qovurma və uşaq başından yemək adi yemək sayılırdı. Yemək məqsədi ilə hətta bütün qəbiristanlıq talan edilirdi” (Е. А. Уоллис Бадж, «Египетская книга мёртвых», М-СПб., Ексмо, 2005, səh.58). Burada, “pəncərədən atılan qarmaqla insanların ovlanması” deyəndə - qədim Misirdə, Osiris/Asar ölüm şahlığından bu dünyaya açılan kiçik bir “pəncərədən keçib”, insanların ruhlarını ovlayan Osiris ölüm Allahları nəzərdə tutulmalıdır. Tarixçi alim B. Turayev, öz kitabında bu mətnlərdən çoxlu sitatlar gətirmişdir. Burada ruhları yeyənlərin məhz Misir Allahları olması da açıq qeyd olunmuşdur (Тураев Б. А. История древнего востока. Л., 1935, том I., səh.190,191). Bu isə o deməkdir ki, qədim Misirdə, “adam əti yeyən” dedikdə - Osirisin (Asar) ölüm şahlığının Allahları nəzərdə tutulur ki, bizlərə bu obrazlar, insanların canını alan əzraillər kimi tanışdır.
Kitabi - Dədə Qorqudda Əzrail real varlıq kimi qeyd olunur və onun insan öldürmək üçün gəlişi – “Göy üzərindən al qanadlı Əzrail uçub gəldi, köksinə basıb qondu” ifadəsi ilə qeyd olunur (“Kitabi-Dədə Qorqud”, B., 1988, səh. 81,79). Əzrail rəmzi sufizmdə İzrail (İsrail) rəmzi kimi - “Azər-El” (Asar-El, Osiris-El) mənasını verir ki, bu da qədim Misirin Asar, yəni Osiris Allahının göydəki eli deməkdir. Deməli, əzraillər – göydəki Qeyb aləmində yaşayan Asar/Osiris Allahlarıdır. Kitabi-Dədə Qorqudda, göydəki Asar Allahları - “asilər” (ruhlar) adlandırılır və onlar - Əmman dənizində tikilmiş şəhərdə yaşayaraq, su altında «mənəm Allah» deyə qışqırışırlar (“Kitabi - Dədə Qorqud”, B., 1988, səh.118).
Misir mətnlərində göstərilən faktlarla eyni mənalı yazılara Təbrizli Arakelin “Tarixlər kitabında” da rast gəlinir. Burada bildirilir ki, “Ararat vilayətində, Oşakan adlı kənddə hansısa bir adam öz evində gizlicə zirzəmi qazmışdı və oraya yad adamları aldadaraq gətirib öldürür, onu zirzəmidə saxlayır və hər gün az-az yeyirdi” (А. Даврижеци «Книга историй», М., 1973, səh. 7). Arakel bundan başqa Ermənistanda insan əti yeyənlərə dair çox faktlar gətirir və bildirir ki, aclıq zamanı ermənilər nəinki yadları, hətta özününküləri də yeyirmişlər. Bu rəvayətdə qeyd olunan Oşakan mağarası – Sisakandakı mağara mənasındadır ki, insanlar öləndən sonra məhz bura düşürlər. Sufizmdə, yəni yalnız samitlərin xüsusi məna daşıdığı batin elmində Oşakan/Sisakan [ŞKN/SSKN] rəmzi – Skiniya [SKN] rəmzi ilə eyni mənalıdır. Skiniya (suf. Sakin/Səkinə) isə Tövratda – Allahın mövcudluğu çadırı, yəni ölən insanların ruhlarının ömürlərini davam etdirdikləri Qeyb aləmidir. Erməni mifologiyasında bu yer - günəş nəslinin məkanı olan Araqil adlandırılır və insanlar Ermənistana uçmazdan əvvəl məhz burada qanad (mələklər nəsli) geyərmişlər.
Ermənistan adı qədim yazılarda Ərmən şahın vilayətinə deyilirdi. Mənbələrə görə, türk şahı Nəsir əd-din Mühəmməd Sökmən II - Xelatı aldıqdan və on iki şəhərə yiyələnəndən sonra özünü Şahi-Ərmən adlandırdı (К. Гандзакеци История Армении. М. 1976, səh. 282). Tarixçi alim Ziya Bünyadov isə bildirir ki, Xilatın və Ərzincanın sahibi şah-Ərman II Nəsir əd-din Məhəmməd Sökmənin ölümündən sonra Xilat, Azərbaycan atabəglər ailəsinin malikanəsinə çevrildi (Историческая география Азербайджана. Б.1987, səh.95). Deməli, türk şahı Sökmən bilavasitə Xelatı aldıqdan sonra özünü Şahi-Ərmən adlandırmışdır. Xelat [XLT] rəmzi ən qədim mənbələrdə Xalda [XLD] kimi də yazılır ki, bu da, “Allahın qapısı” mənasında olan Babilistanın ikinci adı hesab olunur. Qədim Mesopotamiya yazılarına və Tövrata görə, Babilistanda (Xelat/Xalda) ilk insanlar – “başı göylərə çatan“ qüllə tikmişlər ki, Allahlar bu göy cənnətində ölümsüzlük qazanmışlar. Mesopotamiya yazılarında bu cənnət - Tilos (Tilmun/Dilmun) adlandırılır. Orxon-Yenisey yazılarında isə türk xanı Tolis (Toliş) iddia edir ki, məhz o Allahda olmuş orada (Göydə) El yaratmışdır (Ə. Rəcəbov, Y. Məmmədov, “Orxon – Yenisey abidələri”, B, 1993, səh. 134,104). Quranda, Xelat göylərində yaradılmış bu cənnət - Xüld cənnəti kimi qeyd edilir (Quran, 25:15). Yazılanlara görə ölümsüzlüyü də məhz xaldeylər (Midiya maqları), yəni Xelatın türk bəgləri elan etmişlər. Bu isə o deməkdir ki, türk şahı Nəsir əd-din Mühəmməd Sökmən II – Xelatda cənnət yaratmış və özünü Şahi-Ərmən adlandırmışdır.
Sufizmdə Ərmən (Ər-Əman) [RMN] adı - qədim Misirin Ra-Amon [R-MN] Allahının adı ilə eyni mənalıdır. Batin elmində, yəni sağa, sola oxunuşun eyni məna ifadə etdiyi quş dilində, Ərmən [RMN] rəmz - Enmer [NMR] rəmzi ilə də eyni məna daşıyır ki, mənbələrə görə Babil qülləsini (Xelat/Xalda) məhz Enmer şahı tikmişdir. Mesopotamiya mənbələrində Abzu [BZ], bizim isə Bəzz [BZZ] qalası adlandırdığımız Babil qülləsi tikildikdən sonra, şumerlilər Enmer şahı – ən uca ad olan Asar, yəni Osiris/Azər Allahı adlandırdılar (Дэвид Рол, «Утраченный Завет», сайт: http://lib.rus.ec/b/328508/read). Son dövrün araşdırmaları da onu göstərdi ki, qədim Misirin Asar, yəni Osiris Allahı məhz Mesopotamiya qəhrəmanıdır və o Midiya ərazisindən Nil vadisinə keçmişdir. Bu isə o deməkdir ki, Ermənistan və Azər (Asar) ölkəsi olan Azərbaycan eyni məkanın müxtəlif adlarıdır. İstəhri də Azərbaycan, Ermənistan və Arran haqqında yazarkən bildirir ki, “biz xəritədə bu üç ölkəni birləşdirib onlara bir iqlim kimi baxırıq”. Mən, «Армения навечно дана азербайджанским бекам» adlı məqaləmdə göstərmişəm ki, ən qədim mənbələrdə Ermənistan deyəndə, Azəri türk bəglərinə əbədi verilmiş Ra-Amon Allahını göy şahlığı, yəni cənnət nəzərdə tutulur və Ermənistan tarixi də məhz Azəri türk bəglərinə aiddir. Bu isə o deməkdir ki, türk şahı Nəsir əd-din Mühəmməd Sökmənin, Xelatı aldıqdan və on iki şəhərə yiyələnəndən sonra özünü Şahi-Ərmən adlandırması – Xelat göylərində Xüld cənnəti yaratması və özünü də Ra-Amon (İslamda Rəhman) Şahı (Allahı) adlandırması deməkdir.
Buradan belə nəticə çıxarmaq olar ki, qədim Misir və Erməni mənbələrində “adam əti yeyənlər” deyəndə Midiya göylərində ölümsüzlük qazanmış Asar/Osiris Allahları, yəni əzraillər nəzərdə tutulmalıdır.
Qədim Misir yazılarına görə, ölüm şahlığına düşən günahkarların ruhlarını – timsah rəmzində olan qədim Misirin Sebek Allahı parçalayır və məhz bundan sonra bu insanın ruhu ölmüş hesab edilir. Sebek rəmzi bizlərə Sabbah kimi, yəni nizarilərin ağası olan Həsən ibn Sabbah kimi məlumdur. Qədim Misir mətnlərində Nizar rəmzi - “Nu (İunu) şəhərindəki Azər” (Asar/Osiris) Allahı kimi yazılırdı. Yazılanlara görə Nizar – irqin fəxridir və o sağdır, lakin gözə görünmür. O əbədi yaşayır və şahlıq edir. Nizarın (Həsən İbn Sabbah obrazı) Ələmut qalasında cənnət yaratması və axirətdə yenidən dirilməsi mətnlərdə xüsusi qeyd olunur. Nizari məlahiləri (mülhid - Mələküt əhli), yəni mələkləri də mənbələrdə insanları öldürən assasinlər kimi məlumdur ki, bu da eyni fikri bildirir. Deməli, Şah İsmayılın mələkləri, yəni assasinləri elə qədim Misirin ölüm Allahları olan Asar/Azər, yəni Osiris Allahlarıdır.
Azərbaycan xalqının əsasını təşkil edən pir, bəg, seyid, şıx və s. müqəddəslərin ölümsüz olmaları, onların Allahın nurundan yaranmaları barədə deyimlərini mən kitab və məqalələrimdə yazmışam. Ümumiyyətlə, müqəddəs, yəni əqdəs, kuddus rəmzləri Azəri türklərinə aid kadus rəmzi ilə bağlıdır ki, bu rəmz yunan mənbələrində Qades ölüm şahlığı, yəhudi mənbələrində isə cənnət ərazisi olan Kades kimi yazılır. Rufi Fest Avlen (IV əsr) özünün «Yer dairəsinin təsviri» əsərində kadus, yəni müqəddəsləri – “qaniçən kadus” adlandırır ki, bu da müqəddəslər nəslinin eyni zamanda ölüm Allahı olan Osiris/Asar/Azər Allahının nəsli olması ilə bağlıdır (Г. А. Гейбуллаев, «К этногенезу Азербайджанцев», Б., 1991,B.,1991, səh.361). Kitabi-Dədə Qorqudda - bığı qanlı Bəkdüz Əmən obrazı var ki, onun bığının qanlı olması – “qaniçən” mənasında olması deməkdir. Əmən adı isə, bu obrazın elə qədim Misirin Amon (Ra-Amon) Allahı mənasında olmasına işarədir.
Bütün bunlar o deməkdir ki, Şah İsmayıl Xətainin obrazı, axirətdə gələcək (diriləcək) və yerdə axirət məhkəməsi quracaq Azər (Asar/Osiris) Allahının obrazıdır. Şah Xətai şeirlərinin birində deyir:
Yer yox ikən, göy yox ikən, ta əzəldən var idim,
Gövhərin yekdanəsindən irəli pərgah idim
Gövhəri ağ eylədim, tutdu cahanı sərbəsər,
Yeri-göyü, ərsi-kursu yaradan səttar idim.
Gah hüseynlən belə pustumu soydu qazilər,
Gah da Mənsur donuna girdim, ənəlhərdar idim
Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim...
Bu şeirdən göründüyü kimi Şah Xətai özünü, bütün varlıqların əsasında duran ilkin materiya kimi təqdim edir ki, Azər/Asar rəmzi də “İssi-Ra”, yəni ilkin materiyadan yaradılmış Ra günəşinin ruhu deməkdir. Şah İsmayılın və ordusunun “insan əti yeməsi” də, özünün və ordusunun axirətdə günahkarları mühakimə edəcək əzraillər mənasında olması deməkdir. Lakin bu sirlər, adi insanlardan axirətə qədər gizli saxlanılması üçün rəmzləşdirilmişdir.
Ümumiyyətlə bilmək lazımdır ki, qədim mənbələrə görə Allah iki növ insan yaratmışdır və mən bu haqda – “Allah - türkləri, оnlar isə insanı yaratdılar” adlı məqaləmdə geniş yazmışam. Bunlar - Kamil insan və adi insan növləridir. Kamil insan nəslini, Əflatun, Mühiddin ibn Ərəbi kimi dahilər – Allahlar nəsli adlandırır. Adi insanları isə Mühiddin ibn Ərəbi - “təbiət və şəhvət idarə edən, zəif ağılda olan, məntiqsiz” sayır və “heyvani insan” adlandırır. Moisey Xorenatsiyə görə isə adi insanlar nifrətə layiq olduqları üçün ümumiyyətlə yazılarda qeyd olunmağa layiq deyillər (М.Хоренаци, kit.I, böl. 5). Bu isə o deməkdir ki, bütün qədim yazılarda söhbət yalnız Allahlar nəslindən gedir. Adi insanların isə qədim yazılara heç bir aidiyyəti yoxdur. Mühiddin ibn Ərəbi onu da xüsusi nəzərə çatdırır ki, adi insanlar Quranı, onun yazılarını oxumamalıdırlar. Xristian müəllifləri də Əhdi-Cədidə (Mf.7:6) əsaslanaraq xüsusi qeyd edirlər ki, Əhdi-Ətiqi xalqa oxumağa vermək, bu kitabı murdarlamaq deməkdir. Belə çıxır ki, adi insanlar ümumiyyətlə müqəddəs yazıları oxumamalıdır.
Allahla bağlı həqiqətlərin adi insanlardan gizli olması və onu ağılla dərk etməyin qeyri mümkünlüyü hələ qədim Misir yazılarında xüsusi nəzərə çatdırılırdı (У. Бадж, «Египетская религия. Египетская магия», М., 2000, səh.27). Hindlilərin «Bxaqavad-Gita» kitabına görə də, Allahın sirrini adi ölümlü insan dərk edə bilməz, çünki bu elm onun bədənində olan ağıl üçün dərkedilməzdir (Шри Шримад А. Ч. Бхактиведанта Свами, «Вхагавад-Гита» Как она есть. М., 1990, 3/40). Bu fikir hələ Assur-Babil ədəbiyyatında tez-tez təkrarlanırdı: “Yalnız arifi (xəbərdarı) sən bununla tanış edə bilərsən, arif olmayanlar bunları bilməməlidir!” (Э. Церен, «Библейские холмы», M., 1966, səh.26).
Ariflər deyəndə ilk yaradılmış Asar, yəni Azər Allahının nəsli nəzərdə tutulur ki, qədim Misir rəvayətinə görə onlar bəşəriyyətə hakim kimi yaradılmışdılar. Məhz onlardan sonra Allah 72 milləti yaradır. Lakin zaman keçdikcə Azər oğulları olan pir, bəg, seyid, şıx və s. müqəddəslər nəsli öz qüdrətlərini və elmlərini itirdilər. Bu gün qədim sirləri demək olar ki heç kim bilmir. Lakin bu müqəddəslər nəslinin ürəyində, əcdadları ilə bağlı iman nuru qalmışdır ki, onlar qədim yazıları dərk etməsələr də, əcdadlarının ruhuna olan hörməti qoruyurlar. Adi insanlar üçünsə müqəddəs bir şey olmur. Onların həyatının mənası sadəcə yaşamaq üçün mübarizədir. Bunun üçün onlar istənilən yola düşməyə hazırdırlar.
Güntay Gəncalpın, əcdadlarımıza olan münasibəti onu göstərir ki, o adi insandır və təbii ki, müqəddəslik anlayışını qəbul edə bilmir. Mən Güntay Gəncalpı, onun həyat yolunu anlayıram. Lakin o bilməlidir ki, Azərbaycanda öz keçmişini bilən və əcdadlarının ruhuna məhəbbətlə yaşayan Şah sevənlər var. Biz - əsl Azərilər heç vaxt, hansısa köksüz-əsilsizin bizim müqəddəs tariximizə qara yaxmasına imkan vermərik.
Firudin Gilar Bəg