Həzrəti Yusif - zühur edəcək İmamın obrazıdır
Bu yaxınlarda televiziya ekranlarında, İran kinorejissorlarının çəkdiyi Həzrəti Yusif filminə baxdıq. Hamının bəyəndiyi bu film, Tövratda, Quranda və s. kitablarda qeyd olunan rəvayət əsasında çəkilmişdir. Bütün müqəddəs kitablarda yazılanlar kimi, bu rəvayətin də gizli mənası var ki, onu yalnız qədim yazıların batini mənalarını bilənlər anlayır. Mən də batin elmini bildiyim üçün, bu rəvayətin gizli mənasını açmaq qərarına gəldim. Çünki burada baş verənlər məhz Azərbaycanla və Azər oğulları ilə bağlıdır.
Batin (Sufizm/Ledun) elmi rəmzlərlə bağlı elmdir ki, burada hər bir samit bir rəmz sayılır və xüsusi məna ifadə edir. Bu elmdə bütün fəlsəfi baxışlar, dinlər, təriqətlər və s. məntiqlər - bir kamil elmin müxtəlif hissələridir. Bu elmə görə, bütün yazılanlar bir kosmik hadisəyə həsr olunmuşdur və yalnız bu rəmzlərin izahı rəvayətin əsl mənasını üzə çıxarır.
Həzrəti Yusif rəvayətindəki hadisə, yəhudilərin Yaqub peyğəmbərinin ailəsindən başlanır ki, yəhudi deyəndə qədim mənbələrdə Xəzər, yəni Azəri türk bəgləri nəzərdə tutulur. Yaqub rəmzi qədim Misir yazılarında Qeb kimi qeyd olunur. Qədim Misir kosmoqoniyasına görə, Qeb – göylərdə yaradılmış ruhlar dünyasıdır. Yaqub rəmzi də Ya-Qeb deməkdir ki, buradakı Ya rəmzi, Qebin müqəddəsliyini bildirmək üçün əlavə edilmişdir.
Tövrata görə, Yaqub yuxuda Allahla tutaşır və Allah onu İsrail adlandırır. Sufizmdə Qeb rəmzi - bəqa, yəni bəglik rəmzi ilə eyni mənalıdır ki, bəqa rəmzi də tərikə yolunun ən ali məqamıdır. Sufi, silsilənin bu məqamına çatanda ilkin materiya ilə, yəni sufilərin Hu, İlah adlandırdığı enerji (dirilik suyu, İlahi od) ilə birləşir. Bu vəziyyətdə o istədiyini yaratmaq qüdrətinə sahib olur. Deməli, Yaqubun Allahla tutaşması, onun Bəqa səviyyəsində ilkin materiya ilə “mübarizəsi”, onu özünə tabe edib, ondan Qeb, yəni Qeyb aləmini yaratması mənasındadır. Yaqubun İsrail adlandırılması isə, bu Qeyb aləminin sonradan “Asar-Eli”, yəni göydə yaradılmış Osiris ölüm şahlığı mənasını verməsi deməkdir. Deməli, Yaqub obrazı, bəglik məqamında göydə yaradılmış Qeb cənnətinin və onun sahibi olan qədim Misirin Ra-Amon Allahın obrazıdır ki, İslamda bu Allah Rəhman kimi məlumdur.
Tövrata görə, Yaqub peyğəmbər Lavanın qızı Raxillə evlənir və ondan iki oğlu – Yusif və Bənyəmin olur. Yaqub, bu oğullarını digər on oğlundan daha çox istəyir. Lavan rəmzi qədim mənbələrdə Livan və Alban kimi yazılır və sufizmdə bunlar eyni mənalı rəmzlərdir. Tövrata görə, Misir və Assur ölkəsi, Livanda ucalmış ağacın üstündə yerləşir ki, bu da dünya (həyat) ağacının budaqlarında yaradılmış Asar/Azər, yəni Osiris şahlığı mənasındadır. Deməli, qədim mənbələrdə (Yuxarı) Misir dedikdə - ölüm Allahı olan Osirisin göy şahlığı nəzərdə tutulur. Yaqubun Lavanın qızı ilə evlənməsi də, Ra-Amon Allahının, Albaniya göylərində yaradılmış Osiris şahlığına sahib olması deməkdir.
Raxil rəmzi qədim mənbələrdə Raquil, İriqal, Araqil, Erakl və s. kimi yazılaraq Gelar (Xilar/Qelar və s.) fikrini ifadə edir ki, erməni mənbələrinə görə, Albaniya göylərində yaradılmış ölkə məhz Gelarküni ilə bağlıdır. Ermənistan tarixinə görə, Albaniya ölkəsi Gelarkünidən olan kiməsə əbədi verilmişdir. Albaniya, Ermənistan və ümumiyyətlə bütün qədim dünya tarixi, erməni mənbələrində Gelarküni adlanan Gel elindən başlanır. Buranın Sisaka, yəni Sak nəsli isə mənbələrdə padişahlar və peyğəmbərlər nəsli hesab olunur. Batini-Quran kitabında və məqalələrimdə mən bunları çoxsaylı faktlarla sübut etmişəm. Deməli, Yusif obrazı Albaniyanın Gelar eli ilə əlaqəlidir.
Rəvayətdə Yaqubun on iki oğlu olur ki, qədim mənbələrdə bu - on iki İsrail şahı mənasındadır. Avropa yazılarında bunlar 12 Ezir (Azər), xristianlıqda İsa peyğəmbərin 12 həvariyunu kimi qeyd olunur. İsrail oğullarının bu 12 başçısı, ismaili şiələrində 12 İmam və ya 12 Pir kimi qalmışdır və bunlar “İsna Aşəriyə” (Azəriyə) adlanırlar.
İsmailiyə fəlsəfəsinə görə, dünyanın yaranmasının əsas səbəbi – İlahi əmrin, İlahi həqiqətin həyata keçməsidir. Dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (“əl-cəzair”) ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” və ya “Hüccət əl-cəzirə” adlandırırlar. Adada ali xətiblərin köməkçiləri olan xatib-nakibləri də mövcuddur ki, onların sayı, tam ayın günlərinə uyğun olaraq, 30 nəfər təşkil edir. Eyni zamanda hər nakibin, günün saatlarına uyğun 24 xatib-dai köməkçisi var və onların 12-si “görünən” (gündüz üçün) və 12 – “gizli”dir (gecə üçün). Ali rəhbərliyin üzvləri “Dai əd-Duat” adlanır. Dai rəmzi qədim dilçilikdə Dea, yəni Allah mənasını verir. Duat rəmzi isə qədim Misir mənbələrində Amduat adlanır ki, bu da ölüm şahlığı olan “Duatda olanlar” anlamındadır. Deməli, “Dai əd-Duat” rəmzi - göydə ada kimi təsəvvür olunan “Ölüm şahlığı Duatın Allahı” fikrini ifadə edir. Belə çıxır ki, İsmailiyə fəlsəfəsi qədim Misirin Osiris ölüm şahlığında olanların fəlsəfəsidir ki, mən Batini-Quran kitabında Duatda baş verən mistik hadisələrin bəzilərinə elmi izah vermişəm.
İsmaili şiələrində on ikinci, yəni axırıncı İmam - Qaib, yəni Qeyb aləminə çəkilmiş hesab olunur və axirətdə o zühur etməlidir. Qeybə, yəni qədim Misirin Qeb aləminə çəkilmiş İmam rəmzi hədislərdə gizlilik sayılır və bu haqdakı bilik Allaha və peyğəmbərə aid bilikdir ki, insanlar üçün bu gizli qalmalıdır. Şiələr bu biliyin bilavasitə öz İmamlarına aid olduğuna inanırlar. Mənbələrə görə əl-Qaib (gözə görünməz varlılıq), yəni “gizli” İmam haqqında inam, Əli nəslində yaranmışdır ki, onlara görə Əli ölməmişdir və qayıdacaqdır.
Rəvayətdə Yusif quyuya salınaraq “yoxa çıxır” və uzun müddət sonra Misirin əmr sahibi kimi zühur edərək, elini çətinlikdən qurtarır. Deməli, Yusif obrazı, Qeybə çəkilmiş on ikinci İmamın obrazıdır. Maraqlı faktdır ki, Albaniya ilə bağlı olan Gelar toponimi, İran ərazisində – “On bir bəy Gilar” adlanır və bu da on ikinci bəyin qeybə çəkilməsi anlamındadır.
Yusifin adı Misirdə Yuzarsifə çevrilir ki, Yuzarsif rəmzi – “Ya-Azər-Sif”, yəni Osiris-Yusif deməkdir. Yusifin Osiris adlandırılması onun Qeybdə, yəni Yuxarı Misirin Osiris şahlığında axirətə qədər gözləməsi mənasındadır. Deməli, Yusifin Yuzarsif adlanması, onun göydəki Osiris (Asar/Azər) şahlığında yaşaması anlamındadır.
Yusif sözünün özü (Ya-Sif) qədim mənbələrdə sofi, İslamda isə sufi kimi qeyd olunan “müdrik” mənasındadır. Rəvayətdə Yusif yuxu yozan kimi göstərilir ki, batin elmində bu rəmz təkcə yuxuyozma mənasında deyil, rəmzləri oxuyan, onların gizli mənalarını açan sufi obrazıdır. Deməli, Yaqub oğlu Yusif peyğəmbərin obrazı - Azər elinin Gel, yəni Gelarküni batinilərinin nəslindən olan bir sufi müdrikinin obrazıdır.
Məlumdur ki, batiniliyə həyatı Gel (Gelat/Qulat) ismaililəri vermişlər. İfrat şiələr olan Gel batiniləri təbliğ edirdilər ki, insan üçün Allahın sübutu (Hüccət Allah və ya əl-Hüccə ələ-l-xalq) Hz. Məhəmməd olmuşdur, ondan sonra isə Qurandır. Lakin Quran dərkolunmaz olduğu üçün mütləq Quranın gizli sirlərini bilən, cəmiyyəti düz yola dəvət edən qəyyumu, səlahiyyətlisi olmalıdır. Belə sübut, səlahiyyətli - Allahın yerdə mövcudluğunun sübutu kimi Əli qəbul edilmişdir və ona mütləq itaət şiəliyin əsas şərtlərindəndir. İmamilərin inamına görə, yerdə həmişə Əli nəslindən “görünməz” və ya “görünən” cəmiyyətin başçısı – İmam olmalıdır.
Şiə ezoterizminin məşhur tədqiqatçısı Anri Korbenə görə, gözlənən İmam yeni Qanun, yeni Kitab gətirməyəcək, lakin bütün vəhylərin mənasını izah edəcək. Çünki, o özü Kamil İnsan formasında olan “əbədi peyğəmbər həqiqəti”nin ezoterikası mənasında bütün vəhylərin vəhyidir. Gözlənən İmamın gəlişinin mənası tam antropoloji vəhy, Ruhun insan daxilində çiçəklənməsidir.
Şiə doktirasına görə İmam, insanların istəyindən aslı olmayan ali hakimiyyət mənasındadır və yuxarıdan təyin olunur. İmamın seçki yolu ilə seçilməsini birdəfəlik inkar edən şiələr elan edirlər ki, müsəlman cəmiyyətinin ali hakimiyyəti Əli nəslinə Allah tərəfindən verilmişdir. İmam öz hakimiyyətinin İlahi təbiətinə görə, dinin gizli sirlərini bilir ki, bu sirləri Məhəmməd peyğəmbər yalnız Əliyə açmışdır və atadan oğula ötürülür. Dördüncü İmamın sözlərinə görə - “Allahın dərki – İmamın dərkidir”, “Öz İmamını tanımadan ölən, cahil olaraq ölmüşdür”. Şiə İmamı – Allahın yerdəki canişini, qapısı - peyğəmbəri biliklərin varisidir ki, onun vasitəsi ilə Allaha yaxınlaşmaq olar. Allahı ağıl və düşüncə ilə yox, yalnız İmamın elmi ilə dərk etmək olar. İmamın gəlişinin əsas mahiyyəti - dini qanunun, yəni islamın “zahiri” qəbulunu ləğv etmək və İlahi həqiqətləri (əl-batini) tam açmaqdır. Bütün bunlar isə o deməkdir ki, Yuzarsifin dini biliyi və Amon dinini ləvğ etməsi, İslamın zahiri mənalarını rədd edib, batini mənalarını açması mənasındadır.
Yusifin, fironun yuxusunu yozması da rəmzidir. Yusif, yeddi arıq inəyin yeddi kök inəyi yeməsini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu görməsini - yeddi ilin bolluq, yeddi ilin isə qıtlıq, aclıq olacağı kimi yozur. Batin elmində inək rəmzi göydə yaradılmış göy öküzü (dünyası) mənasındadır ki, qədim Misir mətnlərinə görə, insanlar öləndən sonra bura düşürlər. Buradakı yeddi rəmzi isə - yeddi zaman müddətinə, yeddi mərhələyə yaradılmış varlığı bildirir ki, Tövratda bu yaradılış – yeddi günə yaradılmış Dünya, yəni göydəki ruhlar dünyası - Qeb mənasındadır. Batin elmində, yeddi arıq inəyin yeddi kök inəyi yeməsi – 5500 il bundan əvvəl yaranmış və artıq bədəni ruhlarla dolmuş göy inəyinin (göy öküzü) yerinə, axirətdə yeni göy inəyinin (dünyasının) yaranması deməkdir. Quranda bu rəmz – “torpaqların dəyişdirilməsi” kimi, yəni göydəki köhnə cənnətin yerinə yeni cənnətin yaranması kimi qeyd olunur. Sünbül rəmzi də göyə ucalmış dünya ağacının rəmzidir ki, axirətdə birinci dünya ilkin materiyada məhv olacaq və onun yerinə ikinci dünya yaranacaqdır. Bütün bunlar isə o deməkdir ki, Yusif - axirətdə baş verəcək hadisələrin batini mənasını açıb insanlara çatdıracaqdır.
Rəvayətdə, Yusifi Potifar satın alır ki, Potifar rəmz sufizmdə “firon-Yafət” anlamında, göy aləminin sahibi olan Ra-Amon Allahı deməkdir. Züleyxa (Selixa) rəmzi isə batin elmində “İlahın ruhu” fikrini ifadə edir ki, bu da ilkin materiya, yəni bəşəriyyətə həyat vermiş İlahi enerji anlamındadır. Qədim fəlsəfədə qadın obrazı - doğma, yəni yaratma, həyat vermə qabiliyyətinə görə ilkin materiyanın rəmzi sayılır. Deməli, Züleyxa obrazı qədim Misirin Atum Allahını, yəni Adəmi doğan ilkin materiyanın obrazıdır. Mənbələrdə bu obraz İsida, Xator, Kibela və s. kimi də qeyd olunur. Potifarla Züleyxanın evliliyi – Ra-Amon Allahının Qeyb aləmi ilə münasibətinin rəmzidir və bu “evlilik” axirətə qədər davam edir. Axirətdə isə göy şahlığınin sahibi olan Günaş Allahı Ra-Amon, öz taxt-tacını Ay Allahı rəmzində olan Mehdiyə verir. Mehdinin obrazı isə elə, axirətə qədər göydə qalan və öz zühurunu gözləyən Yusifin obrazıdır.
Züleyxanın Yusifə olan məhəbbəti də, ilkin materiyanın insan ruhuna olan cazibəsini, yəni hər an birləşməyə meyli mənasındadır ki, sufizmdə bu “İlahi eşq” adlanır. Axirətdə Ra günəşi mənasında olan Osiris (Asar/Azər) ölür (Potifarın ölümü) ki, bu da Amon Allahının öz gücünü itirməsi anlamındadır. Rəvayətin axırında Yusifin Züleyxa ilə evliliyi – Mehdinin göylərə sahib olub, Ra-Amon Allahının taxtında oturması və bundan sonrakı zamanın sahibi məhz onun olması deməkdir. Rəvayətdə Yusifin öz ailəsi ilə, yəni on bir qardaşı və atası ilə görüşü, axirətdə İmamın zühuru, yəni zahirə, üzə çıxması, tanınması deməkdir. Çünki Yusif təkcə İsrail elinin yox, həm də gələcəkdə bütün dünyanın sahibinə çevriləcək bir varlığın obrazıdır.
Faktiki olaraq Yusif və Züleyxa rəvayəti – insanı, göydəki dünyanı yaratmış və axirətədək onu idarə edən, axirətdən sonrakı 2200 illik müddətdə də göy dünyasında ömür sürəcək Ra-Amon Allahının həyatının axirətlə bağlı hissəsidir. Batin elmində bu obraz – Rəhman Allahın yerinə keçəcək Rəhim Allahın obrazıdır.
Firudin Gilar Bəg